Xaricdə təhsil almaq istəyənlər üçün minimal bal tələbi varmı?
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavr təhsili almaq istəyənlər üçün minimal bal tələbi var.
“Azərbaycan müəllimi” xəbər verir ki, müraciət etmək üçün namizədin Dövlət İmtahan Mərkəzinin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə keçirdiyi qəbul imtahanlarında müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması əsas meyarlardan biridir.
Lakin SAT və ya ACT üzrə ən yüksək göstəricinin 75 faizi miqdarında və ya ondan yuxarı nəticə əldə etmiş, beynəlxalq fənn olimpiadalarından ən azı birinin qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş və ya beynəlxalq təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında nəticəyə malik namizədlər DİM balı tələbindən azad olurlar.
Xatırladaq ki, “2022-2026 Dövlət Proqramı”na müraciət etmək üçün tələb olunan sənədlər ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu təqdirdə Azərbaycan dilinə tərcümə olunaraq notariat qaydasında təsdiq edilməlidir. Sənədlərin qəbulu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" Elektron Ərizə Sistemi” üzərindən həyata keçirilir. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra namizəd üçün Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytından girişi olan elektron şəxsi kabinet yaradılır və bütün sənədlər və məlumatlar sözügedən elektron kabinet və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə təqdim edilir.
Tələb olunan sənədlər poçtla və elektron poçtla deyil, yalnız Dövlət Proqramı İdarəetmə Qrupunun səhifəsində elektron ərizə təsdiq edildikdən sonra namizəd üçün yaradılmış elektron şəxsi kabinet vasitəsilə ilə təqdim edilməlidir. Poçt və ya elektron poçtla göndərilən sənədlər DPİQ tərəfindən qiymətləndirilmir.



