Dövlət Proqramı məzunları – Qlobal təhsildən milli inkişafa
Fevralın 28-də Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.
Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. O qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur.
ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.
Rəsmi hissənin ardınca açıq elan olunan karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil olunub. Sərgidə iştirak edən 90-dan artıq DP məzunu birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
Xaricdə təhsil imkanı gənclərə əmək bazarında rəqabət üstünlüyü verir. Fürsətdən istifadə edərək sərgidə DP məzunlarından bir qrupu ilə söhbətləşərək xaricdə təhsil proqramlarının yaratdığı imkanlar və karyera sərgisində gözləntiləri ilə bağlı təəssüratlarını öyrəndik.
Gənclərə göstərilən etimad və dəstəyin gözəl nümunəsi
Şəbnəm Tağıyeva,
Oksford Universitetinin məzunu
- Ötən ilin noyabr ayında Oksford Universitetindən “İctimai siyasət” ixtisası üzrə məzun oldum. Sonra qısa bir müddət Şeffild Universiteti ilə birlikdə süni intellekt sahəsində, xüsusilə də süni intellektin təhsil sahəsinə tətbiqinə dair qısa bir tədqiqat aparmaq imkanım oldu. Hazırda ölkəmə qayıtmışam və artıq növbəti mərhələdə iş imkanlarını nəzərdən keçirdirəm. Bu gün də Dövlət Proqramı məzunları üçün karyera sərgisində iştirak edirəm. Burada bizə həm dövlət, həm də özəl qurumlarla ünsiyyət qurmaq və iş imkanlarını nəzərdən keçirmək üçün imkan yaradılıb. Düşünürəm ki, bu, çox gözəl təşəbbüsdür.
Bu, biz gənclərə xaricdə təhsil istiqamətində, həmçinin sonrakı mərhələdə karyera sahəsində Dövlət Proqramı məzunlarına göstərilən etimad və dəstəyin çox gözəl bir nümunəsi və göstəricisidir.
Mənim əvvəlki ixtisasım hüquqşünaslıqdır. Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə təhsil almışam. Daha sonra ictimai siyasət üzrə Oksford Universitetində təhsil alaraq öz biliklərimi daha da genişləndirmək imkanım oldu. İctimai siyasət daha interdisiplinar xarakter daşıyır, iqtisadiyyat, fəlsəfə, hüquq, siyasət - müxtəlif mövzularda biz dərslər götürmüşük, bütün bunlar perspektivlərimi daha da genişləndirməyə imkan yaradıb. Gələcəkdə, düşünürəm ki, məhz bu öyrəndiyim biliklərimi, bacarıqlarımı daha yaxşı tətbiq edə biləcəyəm. Eyni zamanda nəzərə alsaq ki, bu gün ölkəmizdə süni intellekt (Sİ) sahəsində artıq bir çox işlər həyata keçirilir. Sİ-nin istənilən - istər dövlət, istərsə də özəl sahədə tətbiqi artıq qaçılmazdır. Mən də süni intellekt sahəsində apardığım tədqiqatdan da yararlanmaqla hüquq sistemi və ictimai siyasət sahələrinin kəsişməsində öz fəaliyyətimi görmək istəyirəm. Düşünürəm ki, hər bir halda bu, həm özümə, həm də cəmiyyət üçün faydalı olan bir istiqamətdə olmalıdır. Bugünkü karyera sərgisində də iştirak növbəti karyera mərhələsi və imkanlarım barədə qərar verməkdə mənə daha da yaxşı kömək olacaq. Gənclərimizə də onu demək istəyirəm ki, Dövlət Proqramının artıq növbəti mərhələsi üzrə müraciətlər başlayır, onları da bu fürsətdən yararlanmağa və öz gələcək karyeraları haqqında ciddi düşünməyə çağırıram.
“Karyera sərgisinin təşkilini yüksək qiymətləndirirəm”
Elvin Alıyev,
London Universitet Kollecinin məzunu
- Mən xaricdə təhsil Dövlət Proqramı çərçivəsində 2024-2025-ci illərdə Böyük Britaniyanın “University College London” ali təhsil müəssisəsində “İctimai siyasət” ixtisası üzrə magistr təhsili almışam və hazırda dövlət proqramının məzunu olaraq burada karyera sərgisində iştirak edirəm. Bundan əvvəl də eyni ixtisas üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışam.
Xaricdə təhsil üzrə Dövlət Proqramı barədə onu deyə bilərəm ki, bu layihə azərbaycanlı gənclərin inkişafı üçün olduqca böyük bir fürsətdir. Bu fürsətin yaranması üçün Prezident İlham Əliyevə, Elm və Təhsil Nazirliyinə, Dövlət Proqramı İdarəetmə Qrupuna təşəkkürlərimi bildirirəm. Dövlət Proqramı sayəsində Azərbaycana verəcəyim töhfələri, ölkəmizdə tətbiq etmək istədiyim yenilikləri qeyd edərək müsabiqədə iştirak etdim və xaricdə təhsil almaq hüququ qazandım. DP məzunları üçün bu karyera sərgisinin təşkilini yüksək qiymətləndirirəm. Bu, həm dövlət, həm özəl qurumların xaricdə təhsilə önəm vermələrini, Azərbaycanda gənclərə verdikləri diqqəti və xarici təcrübənin, yeni innovasiyaların tətbiqinə verdikləri yüksək dəyəri göstərir. Buna görə də mən bir daha sərgi təşkilatçılarına təşəkkürlərimi bildirirəm.
“Bir neçə şirkət mənimlə əlaqə saxlayacaqlarını bildirdi”
Əli Məmmədov,
London Universitet Kollecinin məzunu
- “Mən Böyük Britaniyanın London Universitet Kollecində (UCL) “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili almışam. 6 aydır ki, təhsilimi bitirərək ölkəmə qayıtmışam. Bugünkü tədbirdə mən neft sahəsində tanınan iri qurumlardan olan “SOCAR Polimer” şirkəti ilə tanış olmağa nail oldum. Bundan başqa, Energetika Nazirliyinin əməkdaşları ilə söhbətləşdim. Dövlət Neft Fondunun əməkdaşları ilə də ünsiyyət qurdum, onlar məndən CV-mi istədilər, mənimlə əlaqə saxlayacaqlarını bildirdilər. Ümumiyyətlə, bu tədbirin təşkilinə görə Dövlət Proqramı İdarəetmə Qrupuna təşəkkür edirəm.
Eyni zamanda xaricdə təhsil almağıma imkan yaratdığına görə ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. İxtisasım kimya mühəndisliyidir. UCL-də təhsilim dövründə qısa müddət ərzində heç vaxt tanış olmadığım bir məsələni sıfırdan anlayıb sona çatdırmağı öyrəndim. Bu yanaşma real iş təcrübəsinə çox yaxındır. Burada hər gün yeni layihələr olur, yeni problem məsələlərə baxılır, onları həll etməlisən. Bundan başqa, London dünyanın tələbə həyatı, turistlər üçün cəlbedici şəhərdir. Təhsilimi məhz Londonda almaq mənim üçün inanılmaz bir təcrübə oldu.
“İnsan kapitalı dövlətin sütunudur”
Məğrur Məmmədli,
Şeffild Universitetinin məzunu
- Mən “2022-2028 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Sheffield” ali təhsil müəssisəsində “İnformasiya sistemləri” ixtisası üzrə magistratura təhsilimi fərqlənmə ilə bitirmişəm.
Xaricdə təhsil təcrübəsi, ilk növbədə, fərqli ölkənin adət-ənənələri ilə tanışlıqdır: bu ölkələrdə uzun illər formalşmış təhsil ənənələri var. Xaricdə təhsil aldığın müddətdə nəinki fərqli akademik biliklərə yiyələnir, eyni zamanda bir şəxs olaraq fəqli sahələr üzrə formalaşırsan. Bu, şəxsən mənə və eləcə də digər DP məzunlarına çox keyfiyyətlər qazandırır. İnsan kapitalı dövlətin sütunudur. Dövlət də yetəri qədər öz gənc nəslinə investisiya qoyur, bu investisiyanın məqsədi ölkədə gələcək fərqli sahələrdə töhfə verib bu biliyi artırmaqdır. Çünki dünya qloballaşır, qloballaşma yeni sahələrin inkişafına yol açır, bu tempi tutmaq çox çətindir. Dövlət siyasətini buna əsasən formalaşdırır. Yeni məzun olan gənclər arasında süni intellekt, kimya mühəndisliyi, çox spesifik sahələrdə məzun olan gənclərimiz çoxdur. Onlar ölkənin gələcək elmi-texnoloji inkişafına böyük töhfələr verəcək. Bakalavr təhsilimi maliyyə, biznesin idarə olunması ixtisası üzrə ADA Universitetində təhsil almağıma baxmayaraq hazırda IT təhsili üzrə dövlət vəsaiti hesabına təhsil alıram. Eyni zamanda kibertəhlükəsizlik üzrə proqramı üzrə təhsil almışam. Bu mənə əlavə IT bilikləri qazandırıb.
Bugünkü tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də digər qurumların rəhbər nümayəndələri iştitak edirlər. Onlar maksimum dərəcədə gənclərə fərdi yanaşaraq onları fərqli iş sahələrində yerləşdirməyə çalışırlar. Bu, gənclər üçün böyük fürsətdir. Mən buradan böyük təəssüratla ayrılıram.



