BSU-da bu fənn yalnız Azərbaycan dilində tədris olunacaq

8 İyun, 2026 - 17:57
BSU-da bu fənn yalnız Azərbaycan dilində tədris olunacaq

Bakı Slavyan Universitetinin (BSU) 27 fevral 2026-cı il tarixli Elmi Şura iclasının 7 nömrəli protokoluna uyğun olaraq, universitetdə tədris olunan Azərbaycan tarixi fənninin bütün bölmələr üzrə tədrisi Azərbaycan dilində həyata keçiriləcək.

Bu barədə "Azərbaycan müəllimi"nə BSU-dan məlumat verilib.

Bildirilib ki, qərar Azərbaycan Respublikasının dövlət dilinin ali təhsil mühitində tətbiqinin genişləndirilməsi, tələbələrin milli tarixə dair biliklərinin daha sistemli və dolğun şəkildə formalaşdırılması, həmçinin Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi tələbələrin tarixi prosesləri, ictimai-siyasi hadisələri və milli-mədəni irsi daha dərindən mənimsəmələrinə imkan yaradır. Bu yanaşma gənclərdə milli kimlik şüurunun möhkəmləndirilməsinə, vətənpərvərlik dəyərlərinin aşılanmasına və Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə hörmət hissinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, BSU-da tədris prosesinin milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri və müasir elmi yanaşmalar əsasında təşkili universitetin strateji fəaliyyət istiqamətlərindən biridir