BSU-da yeni tədris ilinin təşkili ilə bağlı iclas keçirilib
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərliyi ilə yeni tədris ilinin başlanması və tədris prosesinin səmərəli təşkili ilə bağlı iclas keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda 2026/2027-ci tədris ilində qarşıda duran əsas vəzifələr, tədris prosesinin təşkili və idarə olunması, universitetin maddi-texniki bazasının mövcud vəziyyəti, eləcə də struktur bölmələr üzrə görülən hazırlıq işləri ətrafında geniş müzakirələr aparılıb.
Görüş zamanı fakültə dekanlarının rəhbərlik etdikləri struktur bölmələr üzrə hazırlıq vəziyyəti və qarşıda duran əsas məsələlərlə bağlı qısa hesabatları dinlənilib. Tədris prosesinin keyfiyyətinin təmin edilməsi, təşkilati məsələlərin vaxtında həlli və yeni tədris ilinin səmərəli başlanması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Həmçinin elektron jurnalların hazırlanması və tətbiqi ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib, bu istiqamətdə işlərin operativ şəkildə tamamlanmasının əhəmiyyəti vurğulanıb.




