BSU ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Dekabrın 2-də Marmara Universitetində Bakı Slavyan Universiteti (BSU) ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, müqaviləni BSU-nun rektoru Anar Nağıyev və Marmara Universitetinin rektoru, professor Mehmet Emin Okur imzalayıb.
Müqavilə iki ali təhsil müəssisəsi arasında akademik və mədəni əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Əməkdaşlıq müqaviləsinə əsasən, BSU ilə Marmara Universiteti arasında türkologiya, slavyanşünaslıq və balkanşünaslıq sahələrində akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə konfransların təşkili, eləcə də ortaq elmi-tədqiqat layihələrinin icrası nəzərdə tutulur.



