Bu ərazilərdə şagird sıxlığı ilə bağlı problemlər var - Nazir məsələyə diqqəti çəkdi
"Azərbaycanda məktəblərin 90 faizdən çoxu ya əsaslı təmir olunub, ya da yenidən tikilib. Çox az sayda məktəbimiz qalıb ki, növbəti illərdə mərhələli şəkildə həmin məktəblərlə bağlı infrastruktur məsələlərini də həll etmiş olacağıq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, beş, on, iyirmi il geriyə baxdıqda, bugünkü məktəb infrastrukturu müqayisəolunmaz dərəcədə, qat-qat yaxşıdır: "Problemlər var və onların həlli istiqamətində işlər davam etdirilir.
Təbii ki, əhalinin qeyri-bərabər məskunlaşmasından irəli gələn problemlər yaşayırıq. Bu problemlər əsasən əhalinin sıx yaşadığı məntəqələrdə müşahidə olunur. Bəzi yerlərdə problemi həll etmişik. Məsələn, Masazır və Binə qəsəbələrində daha ciddi problemlərimiz var idi. Abşeron, Xəzər və Sabunçu rayonlarında sıxlıqla bağlı daha ciddi problemlər hiss olunur. Dörd minə yaxın məktəb arasında sıxlıq problemi yaşayan məktəblərin sayı əllidən çox deyil".
Emin Əmrullayev bildirib ki, problemin böyük hissəsini həll edilib, yalnız cüzi sayda məktəbdə problemlər müşahidə olunur:
"İkinci məsələ məktəb seçimi məsələsidir. Bu, təhsil siyasəti ilə bağlı sualdır. Yəni valideynin övladı üçün məktəb və müəllim seçmək hüququ olmalıdır, ya yox? Verilən qərar da məhz bu sualın cavabından asılıdır. Hər bir valideyn övladı üçün ibtidai sinifdə yaxşı müəllim axtardığına görə, müəyyən xoşagəlməz hallar yaranırdı. Elektron sistemlərin tətbiqi ilə bu proses elektronlaşdırıldı və valideynin ixtiyarına buraxıldı. Valideynin birinci sinfə gedəcək övladı üçün müəllim seçmək imkanı var".
Nazir qeyd edib ki, ən yaxşı məktəb sizin evinizə yaxın olan məktəbdir:
"Məktəb yalnız dövlətin deyil, ilk növbədə, uşaqların və icmanın məktəbidir. Dövlət burada tənzimləyici rol oynayır. Məktəbin daha yaxşı olması üçün valideynlərin də bizimlə birlikdə çalışması vacibdir".




