“Bu gün məktəbdə nə öyrənmisən?”  – Nazir sadə sualın müsbət nəticəsindən danışdı

30 Aprel, 2026 - 16:14
“Bu gün məktəbdə nə öyrənmisən?”

“Əsas məsələ ailənin öz övladına ötürdüyü dəyərlərdir. Valideynlərin öz məsuliyyətini dərk etməsi, məktəblə və müəllimlə birlikdə işləyərək yeni nəsil azərbaycanlıların inkişafına töhfə verməsi çox vacibdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda səsləndirib.

Nazir bildirib ki, qlobal təhdidlərin və texnologiyanın sürətli inkişafının yaratdığı risklərin mövcud olduğu bir dövrdə ən çox müzakirə edilməli məsələlərdən biri məhz budur.

Onun sözlərinə görə, valideynlərin övladlarının inkişafında oynadığı rol çox sadə, ölçüləbilən addımlarla ifadə oluna bilər. Belə ki, valideynin məktəbdən qayıdan övladına “bu gün məktəbdə nə öyrənmisən?” sualını verməsi uzunmüddətli dövrdə şagirdlərin həm riyaziyyat, həm oxu, həm də təbiət elmləri üzrə nəticələrinə müsbət təsir göstərir.

Emin Əmrullayev qeyd edib ki, evdə olan kitabların sayı, valideynlərin mütaliəyə münasibəti, övladlarının təhsili ilə maraqlanaraq heç olmasa həftədə bir dəfə məktəbə gedib müəllimlərlə danışması və mövcud problemləri uşaqları ilə müzakirə etməsi diqqət və məsuliyyət məsələsidir. Bu, eyni zamanda valideynin öz valideynlik funksiyasını dərk etməsinin göstəricisidir.