Bu halda patent gəlirinin 50 faizi müəllifə ödəniləcək
Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin yeni təsdiqlədiyi “Patent haqqında” qanunda öz əksini tapıb.
Bu zaman tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.
Qanuna edilən dəyişikliyə əsasən, royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödənilir, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürülür, habelə innovativ fəaliyyətin inkişafına yönəldilir.



