Bu il 300 min məzun elektron attestat alacaq

11 Avqust, 2026 - 15:10
Bu il 300 min məzun elektron attestat alacaq

2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını "myGov" platformasından əldə edə bilərlər.

Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq “myGov” platformasında əlçatandır.

Məzunlar sənədlərini myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər

 Elektron attestatın üzərindəki QR kod oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.