Bu ölkədə alınan elmi dərəcələrin çoxu Azərbaycanda tanınıb – AAK-dan açıqlama
2026-cı ilin ilk yarısında xarici ölkələrdə verilmiş və Azərbaycanda tanınan elmi dərəcələrin yarıdan çoxu Türkiyənin ali təhsil müəssisələrinin payına düşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2026-cı ilin ilk yarısında xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin tanınması üzrə ölkələrə dair statistik məlumat yayıb.
Statistikaya əsasən, hesabat dövründə tanınan 48 elmi dərəcədən 25-i Türkiyədə əldə olunub. Beləliklə, tanınan xarici elmi dərəcələrinin yarıdan çoxu Türkiyənin payına düşüb.
Türkiyədən sonra ən çox tanınan elmi dərəcə Rusiya və Ukraynaya məxsus olub. Hər iki ölkə üzrə 4 elmi dərəcənin tanınmasına qərar verilib. Fransa və Macarıstanda əldə olunan 3, Almaniyada əldə olunan 2 elmi dərəcə də tanınıb.
Bundan başqa, Rumıniya, Çex, Çin, Böyük Britaniya və Şimali İrlandiya, İtaliya, Qətər və Lüksemburqda əldə olunan elmi dərəcələrin hər biri üzrə 1 tanınma qərarı verilib.
Elm sahələri üzrə statistikaya görə, Türkiyədə əldə olunan və Azərbaycanda tanınan elmi dərəcələrin ən böyük hissəsi iqtisad elmlərinə aiddir. Bu sahə üzrə 10 elmi dərəcə tanınıb. Həmçinin Türkiyədə əldə olunan 2 kimya, 2 tibb, 2 texnika və 2 siyasi elmlər, eləcə də riyaziyyat, biologiya elmləri, yer elmləri, tarix, filologiya, psixologiya, sosiologiya və fəlsəfə sahələrinin hər biri üzrə 1 elmi dərəcə tanınıb.
Rusiyada əldə olunan tanınmış elmi dərəcələrin 3-ü hüquq, 1-i isə texnika elmləri üzrə olub.
Fransada tanınan elmi dərəcələrin 2-si kimya, 1-i isə riyaziyyat sahəsinə aid olub.
Macarıstanda əldə olunan tanınmış elmi dərəcələrin hamısı iqtisad elmləri üzrə, Ukraynada tanınan dərəcələrin isə 2-si iqtisad, 1-i filologiya, 1-i siyasi elmlər üzrə olub.
Statistikaya görə, Rumıniya üzrə tanınan yeganə elmi dərəcə texnika, Çex, İtaliya, Qətər və Lüksemburq üzrə tanınan yeganə elmi dərəcələr isə iqtisad elmləri sahəsinə aid olub. Çində əldə olunan yeganə tanınmış elmi dərəcə siyasi elmlər, Böyük Britaniya və Şimali İrlandiyada əldə olunan yeganə tanınmış elmi dərəcə isə pedaqogika sahəsi üzrə qeydə alınıb.




