"Bundan sonra daha çox inkişaf etmək istəyirəm" - Qazax məktəbinin müəllimi

25 İyun, 2026 - 11:18
"Bundan sonra daha çox inkişaf etmək istəyirəm"

Qazax rayonu V.Musayev adına İkinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Teymurova Nurtac Əsrafil qızı sertifikasiya imtahanında 58 bal toplayıb. O, bu uğurun arxasında uzunmüddətli hazırlıq, zəhmət və məqsədyönlü çalışmağın dayandığını deyir.

Yüksək nəticə göstərən müəllim sevincini “Azərbaycan müəllimi” ilə bölüşüb.

Nurtac müəllim 2015-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə bakalavr, 2019-2021-ci illərdə isə həmin universitetdə magistratura təhsili alıb. Əmək fəaliyyətinə 2020-ci ildə Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli məktəbdə tarix müəllimi kimi başlayıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2024-cü ildə iş yerini dəyişərək Qazax rayonundakı V.Musayev adına İkinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyətini davam etdirib.

Sertifikasiya nəticəsi ilə bağlı təəssüratlarını bölüşən müəllim deyir: “58 bal mənim gözlədiyim nəticə idi. Nəticəni görəndə çox böyük sevinc hissləri keçirdim. Bu uğurun arxasında uzunmüddətli hazırlıq dayanırdı”.

Hazırlıq prosesindən danışan Nurtac müəllim bildirir ki, ixtisas üzrə hazırlığa sentyabr ayından başlayıb:

“İxtisas üzrə sentyabr ayından öz üzərimdə çalışırdım. Çox oxuyur, çoxlu test tapşırıqları işləyirdim. Kurikulum üzrə hazırlığa isə mart ayından başladım.

Son aylarda müəllim yoldaşlarımızla birlikdə hər gün mütaliə edir, bir-birimizə dəstək olurduq”.

İmtahan suallarının səviyyəsinə də toxunan tarix müəllimi belə deyir: “İxtisas üzrə suallar gözlədiyim kimi idi. Hətta daha çətin testlər işləyirdik. Amma kurikulum üzrə suallar gözlədiyimdən bir qədər çətin oldu”.

Vaxt bölgüsünü düzgün qurduğunu vurğulayan müəllim deyir: “50 dəqiqəyə bütün sualları cavablandırmışdım. Tərəddüd etdiyim sualları ayrıca qeyd etmişdim ki, sonradan yenidən baxım. Daha sonra bütün sualları bir daha nəzərdən keçirərək səhvlərimə düzəliş etdim”.

Sertifikasiya prosesinin əhəmiyyətini yüksək qiymətləndirən Nurtac müəllim hesab edir ki, bu proses müəllimlərin peşəkar inkişafına ciddi töhfə verir: “Sertifikasiya müəllimi öz ixtisasını təkmilləşdirməyə sövq edir. Düşünürəm ki, artıq ixtisasım üzrə heç bir çətinliyim yoxdur. Bu da məhz sertifikasiya imtahanına hazırlığın nəticəsidir”.

Dərslərində tətbiq etdiyi metodlardan danışarkən isə o, şagirdlərin tarixi hadisələri yaşayaraq öyrənməsinə üstünlük verdiyini bildirir: “Tarix dərslərində müxtəlif metodlardan istifadə edirəm. Xüsusilə rollu oyunlar çox effektlidir. Uşaqlar həmin tarixi dövrü sanki yaşayırlar. Bu üsul həm öyrənmə, həm də maraq baxımından çox faydalıdır”.

Tarix müəllimi gənclərin vətənə bağlı, milli dəyərlərə hörmətlə yanaşan vətəndaşlar kimi yetişməsini vacib hesab edir: “Şagirdlərimizi milli ruhda yetişdirmək bizim əsas missiyamızdır”.

Nurtac müəllim müəllimlik fəaliyyətində ən böyük uğurlarından biri kimi yerdəyişmə prosesində əldə etdiyi nəticəni göstərir:

“Mənim üçün ən vacib məsələlərddən biri yerdəyişmə edə bilməyimdir. Bununla bağlı nazir Emin Əmrullayevin qəbulunda olarkən mənə dedi ki, sizə lazımi kömək göstəriləcək və sizdən etimadımızı doğrultmağı gözləyirik. Çox şükür ki, mənə göstərilən o inamı doğrultdum”.

Gələcək planlarından danışan müəllimə özünü daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayır:

“Bundan sonra da öz üzərimdə daha çox çalışmaq və inkişaf etmək istəyirəm. İxtisasımı təkcə orta məktəb səviyyəsində deyil, ali məktəb səviyyəsində də inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam”.