3 ildir müəllimlik edir, hazırlaşmadan 59 bal topladı
Müəllimlərin sertifikatlaşdırılması imtahanı davam edərkən imtahandan çıxan hər müəllimin üzündəki rahatlıq, aylarla davam edən hazırlığın bəhrəsini görməyin sevinci və öz biliklərinə olan inam, əslində, uğurun bir hissəsidir. Musiqi müəllimlərinin ilk dəfə cəlb olunduğu sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlər arasında Validə Əlizadə və Sevda Babayeva da yer alırdı.
“Azərbaycan müəllimi” xəbər verir ki, 259 nömrəli tam orta məktəbin musiqi müəllimi Validə Əlizadə imtahanda 59 bal toplayıb. Cəmi 3 illik pedaqoji fəaliyyətə malik olmasına baxmayaraq, müəllim nəticəsindən kifayət qədər razıdır.
“59 bal toplamışam. Çox sevincliyəm. Sualların səviyyəsi normal idi. Düşündürücü və maraqlı suallar var idi”, – deyə o bildirib.
Validə müəllimin sözlərinə görə, imtahan zamanı hər hansı texniki və ya təşkilati problemlə qarşılaşmayıb. O qeyd edib ki, suallar sadədən mürəkkəbə doğru tərtib olunmuşdu və müxtəlif hazırlıq səviyyələrini əhatə edirdi: “Suallar bütün səviyyələri əhatə edirdi. Düşündürücü suallar da var idi. Amma fənnini bilən müəllim üçün bu imtahandan uğurla keçmək mümkündür”.
Maraqlıdır ki, müəllim imtahana xüsusi hazırlıq olmadan qatılıb. O, əsasən ixtisas biliklərini təkrarlamaqla kifayətləndiyini deyir.
Validə Əlizadə hesab edir ki, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir: “İnsan öz üzərində daha çox işləyir, inkişaf etməyə çalışır. Əlbəttə ki, əməkhaqqı artımı da müəllimlər üçün əlavə stimul yaradır”.
316 nömrəli tam orta məktəbin musiqi müəllimi Sevda Babayeva isə imtahanda 57 bal toplayıb. O, ilk növbədə prosesin təşkilindən razı qaldığını vurğulayıb: “İmtahan çox şəffaf və aydın şəkildə keçirildi. Bütün qaydalara tam riayət olunurdu və proses yüksək səviyyədə təşkil edilmişdi”.
Sevda müəllimin sözlərinə görə, ixtisas üzrə suallar onun üçün daha rahat olub. Kurikulum bölməsində isə bəzi düşündürücü suallarla qarşılaşıb: “İxtisas üzrə olan sualların demək olar ki, hamısını rahat cavablandırdım. Kurikulum üzrə isə 3-4 düşündürücü sual var idi. Ola bilsin ki, bir qədər həyəcan da təsir göstərdi. Daha diqqətli olsaydım, daha yüksək nəticə əldə etmək mümkün olardı”.
Müəllim sertifikatlaşdırmanın əsas üstünlüyünü müəllimləri davamlı öyrənməyə təşviq etməsində görür: “Bu proses müəllimlərin öz üzərlərində daha çox işləmələrinə səbəb olur. Müəllimlər çətinlik çəkdikləri mövzuları müəyyənləşdirir və həmin istiqamətlərdə daha çox çalışırlar. Bu da onların peşəkar inkişafına müsbət təsir göstərir”.
Fərqli məktəblərdə çalışan, fərqli nəticələr göstərən bu iki müəllimin fikirlərində ortaq bir məqam var: sertifikatlaşdırma müəllimləri inkişaf etməyə, biliklərini yeniləməyə və peşəkar fəaliyyətlərinə yeni motivasiya ilə davam etməyə təşviq edən prosesdir.




