Cənub bölgəsində məktəblərdə istilik sistemi ilə bağlı vəziyyət AÇIQLANDI
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 45 təhsil müəssisəsində cari ildə mövcud istilik sistemləri qazla işləyən mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilib.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsi bu barədə məlumat verib.
Məlumatda qeyd olunur ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eyni zamanda uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil almaları əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız–qış mövsümündə təhsil müəssisələrinin istiliklə təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
İstilik təminatının müvafiq planlara və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsi, təhsilalanların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunması və tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq hazırlıq işləri görülüb.
“Hazırda istilik təminatı ilə bağlı gündəlik əsasda yarana biləcək məsələlərin operativ həlli üçün digər aidiyyəti qurumların iştirakı ilə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlil edilir və qısa müddətdə həlli istiqamətində müvafiq tədbirlər görülür.
Cari ildə 45 təhsil müəssisəsində mövcud istilik sistemləri qazla işləyən mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilib, istiliklə bağlı 216 cari problem aradan qaldırılıb. Bu istiqamətdə tədbirlərin icrası hazırda da davam etdirilir", – deyə məlumatda bildirilir.


