““Чтобы” danışa bilək” deyən nəsil: rus bölməsində ana dili gerçəyi

8 Yanvar, 2026 - 16:46
““Чтобы” danışa bilək” deyən nəsil:

Prezident İlham Əliyevin yanvarın 5-də jurnalistlərə verdiyi müsahibədə azərbaycanlıların yaşadıqları bütün ölkələrdə ana dilimizin tədrisinin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsini bir daha gündəmə gətirib. Xüsusilə məktəblərdə Azərbaycan dilinin tədrisinin keyfiyyəti, mövcud problemlər, qarşıda duran məqsəd və vəzifələr, eləcə də çıxış yolları aktual mövzulardandır. 

“Azərbaycan müəllimi” mövzunun aktuallığını nəzərə alaraq Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər M.Mehdizadə adına xarici dil təmayüllü 4 nömrəli məktəb-liseyin 8 “q” və 11 “j” siniflərində sorğu aparıb. 

"Rus dilində qarşılığı olmayan hərfləri yazarkən səhvlərə yol verirlər”

Rus bölməsinin 8 “q” sinfində oxuyan şagirdlərin Azərbaycan dilinə marağı yüksək qiymətləndirilir. Azərbaycan dili və ədəbiyyat müəllimi Fəridə Məmmədova bildirir ki, şagirdlər dili anlamaqda çətinlik çəkməsələr də, yazı bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var:

“Şagirdlər əsasən yazmaqda çətinlik çəkirlər. Xüsusilə rus dilində qarşılığı olmayan hərfləri yazarkən səhvlərə yol verirlər”.

Şagirdlər də bu fikri təsdiqləyirlər. Nərmin Əliyeva yazının onun üçün çətin olduğunu deyir. Elvira Hüseynova isə oxu bacarığını problem kimi göstərir. 

Fazil Qocazadə danışıq zamanı çətinlik yaşadığını bildirir və bunun səbəbini ailə mühiti ilə əlaqələndirir: “Danışmaqda çətinlik çəkirəm, çünki evdə rus dilində danışırıq”.

Maraqlı mənzərə...

Rus bölməsində təhsil alan digər şagirdlər arasında da apardığımız kiçik sorğu maraqlı bir mənzərəni ortaya qoydu. Məlum oldu ki, bu şagirdlər gündəlik ünsiyyətdə, hətta bizimlə söhbətdə belə rus dilində ifadələrdən istifadə etməyə üstünlük verirlər. 

Onların nitqində Azərbaycan dili ilə yanaşı, rusca söz və bağlayıcıların yer alması artıq adi hala çevrilib. Bu isə dil mühitinin real vəziyyətini açıq şəkildə göstərir.

“Azərbaycan dili dərslərinin daha çox olmasını istəyirik. Kommunikasiya dərsi də keçirilsə, daha yaxşı olar, “чтобы” sərbəst danışa biləsən”,- deyən şagirdlərdən birinin bu təklifi maraqlı olduğu qədər həm də paradoks yaratdı. Azərbaycan dilində sərbəst danışmaq arzusunu ifadə edərkən rus dilinə aid “чтобы” sözündən istifadə etməsi bir daha göstərdi ki, şagirdlərin ana dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə həqiqətən ehtiyac var və məhz buna görə də Azərbaycan dili dərslərinin, eləcə də kommunikasiya yönümlü məşğələlərin artırılması vacibdir.

Anlayırlar, amma izah edəndə çətinlik çəkirlər

11 “j” sinif şagirdləri isə bizimlə söhbətdə bildirdilər ki, dərs müddətində Azərbaycan dilində verilən izahları yaxşı başa düşürlər. Lakin cavab verərkən rus dilinə daha çox müraciət edirlər. 

11 “j” sinif şagirdi Suay Həsənzadə Azərbaycan dilini yaxşı bildiyini deyir: “Azərbaycan dilini yaxşı bilirəm. Rusdilli ailədə anadan olmuşam. Nənəm rus dili müəllimi olduğuna görə məni rus bölməsinə qoyublar. Dərslər yaxşı keçirilir. Heç vaxt öz dilimizdə danışanda problemim olmayıb”.

İlkin Məmmədov isə uşaqlıq illərini Rusiya ilə bağlayır: “5 yaşıma qədər Rusiyada yaşamışam. Azərbaycan dilini yaxşı bilirəm, çünki ailədə azərbaycanca danışırıq. Dərsdə çətinliyim olmur. Çətinlik yalnız qrammatikada ola bilər, amma öz üzərimdə işləsəm, onu da düzəldə bilərəm”.

"“именно” bəzi sözlər var ki, başa düşmürəm, anlamaq mənim üçün çətindir"

Nəbi Xədicə dil öyrənmə prosesində rus sözlərinin təsirini gizlətmir: “Azərbaycan dilini yaxşı səviyyədə bilirəm. Amma “конечно”, “именно” bəzi sözlər var ki, başa düşmürəm, anlamaq mənim üçün çətindir. Çətinlik çəkəndə “просто” soruşuram. Kitab da oxuyuram, “произведения” yox, “сказка” oxuyuram. Rus sektoru olduğum üçün əsasən rus dilində oxuyuram, amma arada azərbaycanca da oxuyuram ki, danışığım düzəlsin. Dərslər də maraqlı keçirilir”.

Leyla Məmmədova Azərbaycan dilinə marağını uşaqlıqdan formalaşmış dəyər kimi qiymətləndirir: “Azərbaycanca yaxşı bilirəm. Uşaqlıqdan bu dillə böyümüşəm. Öz dilimizi öyrənməyə marağım böyük olub. Azərbaycan dilində kitablar da oxuyuram, əsasən nağıl tərzində”.

Müşkünaz Qurbanova isə rəsmi dilin çətinliyinə diqqət çəkir: “Azərbaycan dilində danışıq baxımından problemim yoxdur. Ola bilər ki, bəzi rəsmi sözləri, terminləri anlamayım. Ona görə xəbərlər oxuyuram, çətin sözləri öyrənirəm. Başa düşmədiklərimin tərcüməsini internetdə axtarıram”.

Şagirdlərdən təkliflər: kommunikativ yanaşma

Sorğunun diqqətçəkən məqamlarından biri də şagirdlərin tədrislə bağlı səsləndirdikləri təkliflərdir. Onlar dərslərdə danışıq bacarıqlarına daha çox yer ayrılmasını məqsədəuyğun hesab edirlər: “Ayrıca kommunikasiya dərsi olsun ki, yalnız danışaq. Səhv edə bilərik, amma sərbəst danışaq”.

Şagirdlərin bəzilərinin fikrincə, erkən siniflərdən etibarən danışıq yönümlü dərslərin təşkili Azərbaycan dilinə yiyələnməni daha da asanlaşdıra bilər.

Beləliklə, müşahidələrimiz göstərdi ki, rus bölməsində təhsil alanlar Azərbaycan dilini əsasən başa düşsələr də, sərbəst və düzgün danışıq bacarığının formalaşması üçün daha güclü dil mühitinə və kommunikativ yanaşmaya ehtiyac var. Ana dilinin məktəbdə və gündəlik həyatda daha fəal tətbiqi bu boşluğun aradan qaldırılması üçün əsas açardır.