Sosial şəbəkədən istifadə: Qadağa, yoxsa nəzarət? – Valideynlərin baxışları
Sosial şəbəkə artıq yeniyetmələrin ünsiyyət, informasiya və özünüifadə platformasına çevrilib. Buna görə uşaqların internet mühitində təhlükəsizliyi də ailənin əsas gündəminə çevrilib, valideynlik anlayışına yeni məsuliyyətlər əlavə edib. Bəs valideynlər övladlarına necə nəzarət edirlər?
Valideynlər mövzu ilə bağlı fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşdülər.
“Sərt qadağalar uşaqları daha gizli davranmağa sövq edir”
Gəncə şəhər Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin 7 “A” sinif şagirdi Ayan Qəmərlinin anası Günel Cəfərova məsələyə həm pedaqoq, həm də valideyn kimi yanaşır: “Sosial şəbəkə artıq həyatın bir hissəsidir. Ona görə də buna tam qadağa qoymaq real deyil. Mən normal yanaşıram. Amma hesab edirəm ki, çox kiçik yaşlarda istifadəsinə icazə verilməməlidir. Uşaq əvvəlcə real həyatda ünsiyyət qurmağı, məsuliyyət daşımağı, vaxtını düzgün bölməyi öyrənməlidir”.
Onun fikrincə, konkret yaş həddi hər ailə üçün fərqli ola bilər: “Məncə, hər kəs övladına bələd olduğu üçün özü müəyyən edə bilər ki, uşağına hansı yaşdan sonra sosial şəbəkədən istifadəyə icazə versin. Hər uşağın psixoloji hazırlığı, məsuliyyət hissi eyni deyil. Valideyn bunu daha yaxşı görür və hiss edir”.
Nəzarət məsələsinə gəldikdə isə o, açıq mövqe nümayiş etdirir: “Bəli, sosial şəbəkə hesablarının şifrəsini bilirəm. Bu, mənim valideyn məsuliyyətimdir. Amma bunu övladımı daim izləmək və ya sıxışdırmaq üçün etmirəm. Mütəmadi yoxlamıram. Amma müəyyən vaxtlarda, xüsusilə heç gözləmədiyi vaxtlarda baxıram. Bu həm nəzarət mexanizmidir, həm də uşağa mesajdır ki, valideyn diqqətlidir. Eyni zamanda çalışıram ki, aramızdakı etimad zədələnməsin”.
Ailədə sərt və yazılı qaydalar olmasa da, müəyyən prinsiplər var:“Konkret qaydalarımız olmasa da, ailədaxili razılaşma var. Əvvəl dərslərini və digər fəaliyyətlərini bitirməlidir. Ondan sonra rahat şəkildə istifadə edə bilər. Mənim üçün əsas olan dərsin və şəxsi inkişafın ön planda olmasıdır”.
Valideyn sərt qadağaların əks effekt verə biləcəyini düşünür:“Sərt qadağalar uşaqları daha gizli davranmağa sövq edir. Qorxu üzərində qurulan münasibət uzunmüddətli olmur. Mən daha çox izah etməyi, danışmağı və səbəbləri başa salmağı üstün tuturam”.
Məktəbin rolunu isə ailənin davamı kimi qiymətləndirir: “Əsas tərbiyə ailədən gəlir. Ailədə düzgün yanaşma olsa, ciddi problem yaranmaz. Amma məktəbdə aparılan maarifləndirmələr də çox vacibdir. Müəllimlərin izahı uşaqlara valideyn qərarlarının nə qədər əsaslı və doğru olduğunu göstərir”.
“Məsuliyyətli valideyn övladının kimlərlə danışdığını və kimlərlə dostluq etdiyini bilməlidir”
Gəncə şəhər Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin 8 “A” sinif şagirdi İsmayıl Quliyevin anası, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin sosial pedaqoqu Xumar Qurbanova məsələyə həm peşəkar mütəxəssis, həm də valideyn kimi yanaşır: “Övladımın sosial şəbəkədən istifadəsinə pis baxmıram, çünki düzgün istifadəsinə daim nəzarət edirəm. Bu gün texnologiyadan tam uzaq saxlamaq mümkün deyil. Əsas məsələ düzgün istiqamətləndirməkdir”.
Onun fikrincə, müəyyən yaşa qədər məhdudiyyət vacibdir: “12 yaşdan icazə verilə bilər, lakin mütləq valideyn nəzarəti ilə. Çünki sosial şəbəkələrin yalnız müsbət tərəfi yoxdur, zərərləri də var. Uşaq hər informasiyanı düzgün qiymətləndirə bilmir”.
Valideyn nəzarəti məsələsində o, açıq və prinsipialdır: “Kimlə yazışdığına və nə yazdığına nəzarət edirəm ki, təhlükəli hallar olmasın. Hər bir məsuliyyətli valideyn övladının kimlərlə danışdığını və kimlərlə dostluq etdiyini bilməlidir”.
Valideyn sərt qadağaların əleyhinədir: “Bəli, sərt qadağalar qoymaq olmaz. Uşaqlar daha aqressiv olur və gizli işlər görməyə başlayır. Ona görə balanslı yanaşma daha düzgündür”.
“Övladımın nəinki sosial şəbəkə hesabı, telefonu belə yoxdur”
Gəncə şəhər 29 nömrəli tam orta məktəbnin 8 “D” sinif şagirdi Məsud Məmmədovun anası Aynur Həsənova həm də pedaqoq kimi sosial şəbəkə məsələsində ölçülü və prinsipial mövqe sərgiləyir. “Övladlarımızın sosial şəbəkədən istifadəsi günümüzün tələbatına çevrilib. Amma axşam saatlarını keçmədən, nəzarət altında və 2 saatdan çox olmamaq şərtilə istifadə etmək olar”.
Onun fikrincə, müəyyən yaşa qədər məhdudiyyət vacibdir: “Mən deyərdim ki, 15 yaşa qədər çox limitli şəkildə istifadə etməlidir. Mütləq şəkildə uşağın yaş həddi nəzərə alınmalıdır”.
Digər valideynlərdən fərqli olaraq Aynur xanım daha qoruyucu model seçib: “Övladımın nəinki sosial şəbəkə hesabı, telefonu belə yoxdur. Amma dərslə əlaqədar mənim telefonumdan istifadə edə bilər”.
Aynurr xanım valideyn nəzarətini yalnız texniki yoxlama kimi görmür: “Mənim telefonumdan istifadə etdiyi üçün yoxlamağa o qədər də ehtiyac qalmır. Öz yoldaşları ilə aralarında olan hansısa bir mövzunun müzakirəsini də gəlib mənə danışır”.
O, övladına sual verməklə həm dialoq qurduğunu, həm də dolayı nəzarət etdiyini deyir: “Öncə onun özündən soruşuram ki, sən nə fikir bildirdin? Sənin fikrin nədir? Elə onun fikrini soruşmaqla yazışmalarını və paylaşımlarını yoxlamış oluram. Qadağalar qoyulmalıdır. Amma sərt qadağalar uşağı daha da aqressivləşdirir”.
Valideynin fikrincə, sosial şəbəkənin təsiri davranışda açıq görünə bilər: “Sosial şəbəkədən istifadə edən uşaq bunu danışığında və davranışında biruzə verir. Yaşından böyük sözlər işlədir, lazım olmayan cavablar verir”.
O, bu məsələdə məktəbin rolunu xüsusi vurğulayır: “Maarifləndirici söhbətlərə yer ayırılsa, daha yaxşı olar. Təhsil üçbucağı burada lap yerinə düşür. Müəllim, valideyn və şagird üçbucağı möhkəm olsa, cəmiyyətə daha yararlı gənclər yetişdirmiş olarıq”.
“Sağlam mühitdə böyüyən uşaqlara sosial şəbəkələr mənfi təsir etməz”
Gəncə şəhər 29 nömrəli tam orta məktəbnin 8 “D” sinif şagirdi Xanım Məmmədlinin anası - Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Zümrüd Qəhrəmanova məsələyə elmi və pedaqoji yanaşma sərgiləyir: “Elm və texnikanın, süni intellektin həyatımıza bu qədər daxil olduğu bir zamanda sosial şəbəkədən istifadə etməsinə heç bir etirazım yoxdur. Bu, artıq zamanın tələbidir. Məhdudlaşdırmanın tərəfdarı deyiləm. Sadəcə valideyn nəzarəti olmalıdır. Sosial şəbəkələrdən düzgün və lazımi dərəcədə istifadə edilərsə, o ancaq uşağı inkişafa aparar”.
Yaş məsələsinə fərdi yanaşmanı vacib hesab edir: “Dəqiq yaş demək çətindir. Hər bir uşağın məlumatı dərk etmə səviyyəsi, psixoloji yanaşması və reaksiyası fərqlidir. Sağlam mühitdə böyüyən uşaqlara sosial şəbəkələr mənfi təsir etməz .Övladımın sosial şəbəkə hesabı yoxdur. Ancaq mənim hesabımdan istifadə edərək yararlanır”.
Ailədə gündəlik limit də mövcuddur: “Gün ərzində 2 saat limit qoymuşuq. Vaxt bitdikdə planşet bağlanır. Ancaq ehtiyac yaranarsa, vaxtı müəyyən qədər uzadıram. Sərt qaydalar insanı daha çox səhv etməyə aparır. Demokratik tipli ailələrdə sərt qaydalar olmamalıdır”.
Zümrüd xanım sosial medianın müsbət tərəflərini konkret nümunələrlə izah edir: “Bu gün qızım instaqramda keks bişirməyi öyrənib bizim üçün hazırlayıb. Oradan baxıb idman edir. Dərsdə anlamadığı mövzunu isə “Gemini”dən istifadə edərək araşdırıb. Yəni düzgün istifadə edilərsə, xeyri çoxdur”.
Məktəbin rolunu da xüsusi vurğulayır: “Məktəb vaxtaşırı maarifləndirici tədbirlər etsə, ailə ilə həmrəy olsa, daha sağlam gənclik yetişər”.



