“Clarivate” və "Scopus" şirkətlərinin nümayəndələrinin iştirakı ilə akademik kitabxanaçılar arasında görüş keçirilib
Oktyabrın 25-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzində keçirilən görüşdə kitabxanaların elmin inkişafındakı mərkəzi rolu müzakirə olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, müzakirələrdə kitabxanaların cari vəziyyəti, elmi və akademik resurslara çıxış imkanları, elektron transformasiyaları və fakültələr, tədqiqatçılar və tələbələrlə iş barədə fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən “Clarivate” və "Scopus" şirkətlərinin nümayəndələri dünyanın aparıcı universitetlərinin kitabxanalarının fəaliyyəti barədə məlumatları və orada tətbiq olunan yanaşmaları görüş iştirakçıları ilə bölüşüblər.
Yekunda görüşdə müzakirə olunan problemləri və imkanları əhatə edəcək, kitabxanaların fəaliyyətini daha da təkmilləşdirəcək yol xəritəsinin hazırlanması hədəf olaraq müəyyən edilib.


