“COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu öz işinə başlayıb 

21 Oktyabr, 2024 - 15:35

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu öz işinə başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 5 gün davam edəcək forum universitet tələbələrinin təşəbbüsü ilə keçirilir. Forumun açılışında AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 Təşkilat Komitəsinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova iştirak edib.

Rektor Gülçöhrə Məmmədova açılış nitqində universitetdə keçirilən forumun Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfələrini verəcək: "COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ən yüksək səviyyədə keçiriləcək. Bu gün keçirilən forumda tələbələr öz layihələri, əl işləri ilə COP ideyalarını yaymaq üçün, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar”. 

Rektor həmçinin vurğulayıb ki, universitetin məzunları olan inşaatçılar, memarlar, şəhərsalma mütəxəssisləri ekologiya, iqlim dəyişmələri mövzusu ilə sıx bağlıdırlar və onların tələbəlik illərindən bu mövzunu başa düşməsi, dərk etməsi, öz rollarını bu qlobal problemin həllində görməsi böyük əhəmiyyət kəsb edir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev su ehtiyatlarının 15 faiz azaldığına, quraqlıqların artmağına diqqət çəkib. 

Nazir müavini qeyd edib ki, dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır: "COP29 bu baxımdan ölkəmiz üçün böyük irəliləyişlər gətirəcək. Mən inanıram ki, bu gün AzMiU-da keçirilən forum iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.

Millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova mötəbər tədbirə hazırlıq prosesi barədə geniş məlumat veriblər. Onlar iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanın bu prosesdəki rolunu və töhfələrini qeyd ediblər. Tədbirə hazırlıq mərhələsində görülən işləri və qarşıda duran vəzifələri də izah ediblər.

Onların sözlərinə görə, COP29 Azərbaycan üçün beynəlxalq aləmdə iqlim dəyişikliyi sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq və ölkənin bu qlobal problemə qarşı səylərini daha da gücləndirəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan forumun ilk günü “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələr təşkil olunub. 

Forum çərçivəsində "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maketlərin sərgisi, rəsm müsabiqəsi, panel müzakirələr, vörkşoplar, təmizlik və ağacəkmə aksiyaları təşkil olunub. 

Sabah tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək. 

Forumun üçüncü və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq. 

Tədbirin sonuncu – beşinci günü bağlanış mərasimi keçiriləcək. Fərqlənən iştirakçıları Təşkilat Komitəsi mükafatlandıracaq.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə aparmaq məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün ölkəmizdə, o cümlədən AzMİU-da silsilə seminarlar, forumlar və bu kimi müxtəlif tədbirlər həyata keçirir.