“Çox adam dedi ki, niyə özünü stresə salırsan” – Sertifikasiyanın könüllüləri
Müəllimlik yalnız peşə deyil, həm də davamlı öyrənmə, inkişaf və cəmiyyət qarşısında məsuliyyət tələb edən şərəfli bir missiyadır. Müasir dövrdə təhsildə keyfiyyətin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən sertifikasiya prosesi də bu inkişafın mühüm tərkib hissəsinə çevrilib.
“Azərbaycan müəllimi” bu yaxınlarda Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarında könüllü iştirak edərək yüksək bal toplayan müəllimlərlə həmsöhbət olub.
Uzun illər təhsil sahəsində çalışan müəllimlərin şəxsi təcrübələri göstərir ki, bilik və zəhmətə arxalanan müəllim üçün hər bir qiymətləndirmə yeni uğurların başlanğıcıdır.
“Sertifikasiya imtahanı müəllimdə məsuliyyət yaradır”
Babək rayonunun Kərimbəyli kənd orta məktəbinin 64 yaşlı Azərbaycan dili və ədəbiyyat müəllimi Məsim İsmayılov sertifikasiya imtahanından 51 bal toplayıb.
40 illik stajı olan müəllim uzun illər həmin məktəbdə rəhbər vəzifələrdə çalışıb, amma həmin vəzifələr heç vaxt onu öz ixtisasından uzaqlaşdırmayıb. Deyir ki, müəllim daima öz üzərində işləməli, ixtisasını dərindən bilməlidir:
“Çünki şagird qarşısında dayanan bizik. Şagirdin verdiyi suallara cavab verməyə də borcluyuq. Əgər şagird istənilən mövzu üzrə sual verirsə və biz o suala cavab verə bilmiriksə, müəllim olaraq şagird qarşısında nüfuzumuzu itirmiş oluruq. 2021-ci ildə keçirilən ilk sertifikasiya imtahanında da iştirak etmişəm və uğurlu nəticə göstərmişəm. Heç vaxt imtahanlardan çəkinməmişəm”.
Bəs necə olub ki, bu imtahanda iştirak etməyə qərar verib?
“Maraqlı burasıdır ki, mənim ixtisasım üzrə məktəbdə 5 müəllim var idi və onların yaşları da yuxarı idi. Onların heç biri iştirak etmədi. Mənə də məsləhət gördülər ki, iştirak etməyim. Amma mən onlara bildirdim ki, çəkinmək lazım deyil, mən iştirak edəcəyəm. Ərizə yazdım, fikrimi bildirdim, ərizəmə müsbət münasibət bildirdilər və sertifikasiyada könüllü iştirak etdim”.
Sertifikasiya imtahanı onun üçün rahat keçib. Müəllim deyir ki, yaxşı nəticə göstərəcəyinə inanıb:
“İmtahan ilk olaraq müəllimdə məsuliyyət hissi yaradır. Sən imtahana hazırlaşırsan və istər-istəməz düşünürsən ki, əgər nəticəm yaxşı olmasa, məktəbdə həm şagirdlər, həm də müəllim yoldaşları qarşısında özümü rahat hiss etməyəcəyəm.
Bu baxımdan imtahan müəllimdə məsuliyyət yaradır. Digər tərəfdən, müəllimi öz ixtisası üzərində daha dərindən işləməyə sövq edir. Bu isə müəllimin öz ixtisasına sevgisini daha da artırır.
Növbəti illərdə keçiriləcək sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə tövsiyəm odur ki, ilk olaraq öz üzərlərində işləsinlər, çətinlikdən qorxmasınlar. Müəllim öz ixtisasını nə qədər dərindən bilsə, sinifdə özünü bir o qədər rahat hiss edəcək.
Uşaqlarla sərbəst davranacaq, narahatçılıq keçirməyəcək, verilən suallara ətraflı cavab verəcək. Özünü həm sinifdə, həm də müəllim yoldaşları arasında daha sərbəst hiss edəcək”.
“Sertifikasiya müəllimin inkişafına xidmət edir”
Şərur şəhər 2 nömrəli tam orta məktəbin 61 yaşlı fizika-riyaziyyat müəllimi Əminə Əsgərova isə imtahandan 56 bal toplayıb. O, 2012-ci ilidə Azərbaycanın “Əməkdar müəllim”i adına layiq görülüb. Deyir ki, göstərdiyi nəticə onun üçün sevindirici olmaqla yanaşı, uzun illər ərzində qazandığı bilik və təcrübənin göstəricisi olub:
“Sertifikasiya prosesi mənə bir daha göstərdi ki, müəllim daim öyrənməli, yenilənməli və öz üzərində işləməlidir. Topladığım nəticəni gələcək fəaliyyətim üçün əlavə stimul hesab edirəm. Sertifikasiya prosesində böyük məmnuniyyətlə iştirak etmişəm. Hesab edirəm ki, öz bilik və bacarığına inanan müəllim heç nədən qorxmamalıdır. Məhz buna görə də sertifikasiya prosesinə müsbət yanaşmışam və bu imtahanın müəllimlərin inkişafına xidmət etdiyini düşünürəm. İmtahan zamanı təqdim olunan suallar müəllimlərin gündəlik fəaliyyətində istifadə etdikləri bilikləri əhatə edirdi. Mən imtahana böyük ruh yüksəkliyi ilə qatıldım və hesab edirəm ki, müəllim öz biliyinə güvənirsə, imtahandan çəkinməsinə ehtiyac yoxdur”.
Sertifikasiyanın üstünlüklərini isə belə izah edir:
“Məncə, sertifikasiyanın ən böyük üstünlüyü müəllimlərə bilmədikləri və ya kifayət qədər mənimsəmədikləri mövzuları göstərməsidir. Bəzən elə düşünürük ki, hər şeyi bilirik, lakin hazırlıq prosesi və imtahan bizə yeni biliklər qazandırır. Hətta imtahandan sonra da bəzi mövzuları yenidən araşdırmaq, daha dərindən öyrənmək istəyi yaranır. Bu isə müəllimin peşəkar inkişafına müsbət təsir göstərir. Gələcəkdə sertifikasiyada iştirak edəcək müəllimlərə tövsiyəm budur ki, öz biliklərinə güvənsinlər, məsuliyyətlə hazırlaşsınlar və imtahandan qorxmasınlar. Bilikli insanın qarşısında heç bir maneə dayana bilməz. Sertifikasiya müəllimlərin özlərini daha da inkişaf etdirmələrinə, yeni biliklər əldə etmələrinə və peşəkar səviyyələrini yüksəltmələrinə kömək edir”.
“Savadından arxayın olan müəllim sertifikasiyadan qorxmamalıdır”
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 62 yaşlı ibtidai sinif müəllimi Rəna Rzayeva da imtahandan 56 bal toplayıb. 41 ildir ki, müəllim işləyir.
Bu gün yetişdirdiyi şagirdlərdən onunla eyni məktəbdə müəllim işləyir. Deyir ki, indi müəllimlər üçün hər cür şərait yaradılıb. Bacaran, bacarıqlı olan irəli gedir:
“Sertifikasiyanı çox müsbət qiymətləndirirəm. Çünki sertifikasiya olmayanda müəllimlər arasında fərqləndirmə aparmaq çətin idi. Hər kəs özünü yaxşı müəllim hesab edirdi. İlk dəfə sertifikasiyada 45 bal topladım. Amma bu nəticə məni qane etmədi. Ürəyimdə deyirdim ki, kaş bir dəfə də imtahan olaydı, bir az da hazırlaşardım və daha yüksək bal toplayardım. Bu dəfə də imtahan xəbəri çıxanda dedim ki, mən də verəcəyəm. Çox adam dedi ki, niyə özünü stresə salırsan, niyə həyəcan keçirirsən. Mən isə dedim ki, yox, verəcəyəm, burada qorxulu heş nə yoxdur. Mən ömrümü müəllimliyə həsr etmişəm. Özümə məqsəd qoymuşdum ki, 50 balı keçim. Düşünürdüm ki, bu mənim son şansımdır. Bu il də birinci sinif götürsəm, dörd ildən sonra pensiyaya çıxacağam və artıq sertifikasiyada iştirak etməyəcəyəm”.
Müəllim deyir ki, imtahan çoxşəffaf təşkil olunmuşdu, suallar da rahat idi:
“Belə düşünürəm ki, o sualları bilməyib kəsilən varsa, deməli, öz üzərində daha çox işləməlidir. İbtidai sinif müəllimi olan hər bir müəllim həmin sualları cavablandıra bilər. Gənc müəllimlərə də tövsiyəm budur ki, öz üzərlərində işləsinlər, öyrənməkdən vaz keçməsinlər və müəllimlik peşəsinə sevgi ilə yanaşsınlar. Müəllim daim inkişaf etdikcə həm şagirdin, həm valideynin, həm də cəmiyyətin hörmətini qazanır. Savadından arxayın olan müəllim sertifikasiyadan qorxmamalıdır. Həm də maddi cəhətdən də müəllimlərə də dəstək olur”.
Təcrübəli müəllimlərin fikirləri sübut edir ki, yaşdan və iş stajından asılı olmayaraq, öyrənmək və öz üzərində işləmək müəllim peşəsinin ayrılmaz hissəsidir. Gələcəkdə də müəllimlərimizin bu ruhla fəaliyyət göstərməsi təhsilin inkişafına və daha güclü nəsillərin yetişməsinə töhfə verəcək.




