“Daha həvəslə işləyəcəyəm” – Sertifikasiyanın ilk günündə yüksək bal toplayanlar
Sertifikatlaşdırma imtahanı hər müəllim üçün fərqli təcrübədir. Kimi həyəcanını idarə etməyə çalışır, kimi diqqətsizlikdən etdiyi bir səhvə heyifsilənir, kimi isə topladığı nəticənin sevincini yaşayır.
İmtahanda yüksək bal toplayanlardan bəziləri təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.
Sertifikatlaşdırma prosesinin ilk günündə yüksək nəticə göstərən müəllimlər arasında 336 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Validə Məmmədova da yer alıb. O, imtahanda 57 bal toplayaraq peşəkar bilik və bacarıqlarını bir daha təsdiqləyib.
Validə müəllimin sözlərinə görə, imtahan sualları balanslı şəkildə hazırlanmışdı və müxtəlif hazırlıq səviyyələrini əhatə edirdi:
“Suallar nə çox çətin, nə də çox asan idi. Meyarlara uyğun qurulmuşdu. Əsas məsələ diqqətli olmaq idi. İmtahana həyəcanla daxil olmuşdum. Amma sualları gördükcə rahatlaşdım və həyəcanımı idarə edə bildim”.
Müəllim hesab edir ki, sertifikatlaşdırma prosesi həm qiymətləndirmə vasitəsi, həm də müəllimlərin öz peşəkar səviyyələrini dəyərləndirmələri üçün mühüm imkandır:
“Məncə, bu imtahanların keçirilməsi çox vacibdir. Müəllim özünü qiymətləndirə bilir, bilik və bacarıqlarının hansı səviyyədə olduğunu görür. Ona görə də sertifikatlaşdırma prosesini dəstəkləyirəm”.
57 bal toplamasına baxmayaraq, Validə müəllim nəticəsini daha da yüksək edə biləcəyini düşünür. O bildirir ki, səhvlərindən biri diqqətsizliklə bağlı olub:
“Hər bölmədən bir səhvim oldu. Ana dilindən bir, ədəbiyyatdan bir sualı səhv cavablandırdım. Suallardan biri əslində asan idi, sadəcə diqqətsizlik etmişdim. Digər sualda isə mövzunu unutduğum üçün çətinlik yaşadım”.
İmtahana hazırlıq prosesində əsas mənbə kimi dərsliklərdən istifadə edən müəllim əlavə vəsaitlərə ehtiyac duymadığını deyir:
“Evdə müstəqil şəkildə hazırlaşmışdım. Lazım olan əsərləri oxumuşdum. Dərsliklərdən istifadə etdim və düşünürəm ki, müəllim üçün dərsliklər kifayət edir. Mövzuların hamısı orada əhatə olunub”.
İmtahan günü heç bir texniki problemlə qarşılaşmadığını bildirən müəllim əldə etdiyi nəticənin ona yeni tədris ili üçün əlavə motivasiya qazandırdığını vurğulayır:
“Düşünürəm ki, sentyabrda daha böyük həvəslə və daha yüksək motivasiya ilə şagirdlərimlə işləyəcəyəm. Əlbəttə, əməkhaqqı artımı da vacib amildir. Amma bundan daha önəmlisi insanın öz potensialını üzə çıxarması, özünü daha yaxşı tanıması və peşəkar inkişafını görməsidir”.
98 nömrəli tam orta məktəbin rus dili müəllimi Leyla Quliyeva da sertifikatlaşdırma imtahanını 57 balla başa vurub. Onun fikrincə, imtahanda uğur qazanmaq üçün müntəzəm mütaliə və hazırlıq əsas şərtdir:
“Suallar, əlbəttə, asan deyildi. Oxumaq lazımdır. Oxuyan müəllim üçün normal suallardır”.
Leyla müəllim sualların ümumilikdə orta çətinlik səviyyəsində olduğunu bildirir:
“Asan suallar da var idi, çətin suallar da. Daha çox düşündürən suallar üstünlük təşkil edirdi”.
O, imtahanın təşkilatçılığını da yüksək qiymətləndirib: “Nəzarət güclü idi, təşkilatçılıq yüksək səviyyədə qurulmuşdu. Heç bir problem yaşamadım. Müəllimlərə çox diqqətlə yanaşırdılar”.
Leyla Quliyeva imtahana həm ixtisas, həm də kurikulum istiqamətində hazırlaşdığını bildirib:
“Hər iki istiqamət üzrə hazırlaşmışdım. Həm kurikulum, həm də ixtisas üzrə oxuyurdum”.
Sertifikatlaşdırmanın müəllimlərin inkişafına təsirindən danışan müəllim bu prosesin çox faydalı olduğunu vurğulayır:
“Məncə, həm peşəkar inkişaf, həm də əməkhaqqı artımı müəllim üçün stimul yaradır. Sertifikatlaşdırmanın keçirilməsi çox müsbət haldır. Çünki istər-istəməz biliklər yenilənir, təzələnir, müəllimlər daha çox oxuyur, dərsliklərlə və kurikulumla yenidən işləyirlər. Əlbəttə ki, əməkhaqqı artımı da mühüm stimulverici amillərdən biridir”.




