Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar
İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, səfər çərçivəsində qonaqlar ADNSU-nun laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub müxtəlif görüşlər keçiriblər.
Qonaqlar həmçinin ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov ilə görüşüblər. Görüşdə ali təhsil müəssisələri və elmi qurumlar arasında elmi və akademik əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qonaqlarla həmçinin universitetin Cihazqayırma mühəndisliyi kafedrasının professor-müəllim heyəti ilə də görüş keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyi, o cümlədən professor-müəllim heyəti ilə görüşərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə qonaqlar – Daşkənd Dövlət Texniki Universitetinin Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma kafedrasının müdiri, professor Paraxat Mayliyevna Matyakubova və kafedranın professor-müəllim heyəti və ADNSU-nun nümayəndələri – Əcnəbi tələbələr şöbəsinin müdiri Səbinə Əliyeva və SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova iştirak ediblər. Müzakirələr zamanı birgə elmi-tədqiqat işlərinin aparılması, elmi məqalələrin hazırlanması, metrologiya sahəsi üzrə dərs vəsaitləri və kitabların yazılması, eləcə də tərcümə edilməsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.


