"DEEP TECH" İnkubasiya Proqramına qeydiyyat BAŞLADI

7 Yanvar, 2026 - 11:24
"DEEP TECH" İnkubasiya Proqramına qeydiyyat

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startup və TTO Şöbəsi tərəfindən birgə təşkil olunan 9 aylıq "DEEP TECH" İnkubasiya Proqramına qeydiyyat başlayıb. 

ADNSU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, proqram çərçivəsində iştirakçılar texnoloji ideyalarını sistemli şəkildə doğrulamaq, prototipləşdirmək və kommersiyalaşdırmaq bacarıqlarını əldə edəcəklər. Təlimlər, mentorluq sessiyaları və praktiki layihələr vasitəsilə iştirakçılar bazar araşdırması aparmaq, biznes modeli formalaşdırmaq, texniki yol xəritəsi hazırlamaq və investor təqdimatları üçün "pitch deck" yaratmaq proseslərini öyrənəcəklər. 

Proqramın əhatə etdiyi sahələrə "Advanced Materials", "Energy", "Robotics & Automation", "Life Science", "MedTech", ICT, "Space" və "Oil & Gas" daxildir. Hər bir komanda müvafiq sahə üzrə ekspert mentorların dəstəyi ilə prototiplər hazırlayacaq, pilot testlər həyata keçirəcək və real sənaye problemlərinə innovativ həllər təqdim edəcək. 

Proqram iştirakçılarının hazırladığı layihələr münsiflər heyəti və innovasiya ekosistemi nümayəndələri qarşısında təqdim olunacaq. 

Son qeydiyyat tarixi: 06 fevral 2026-cı il