Deputat: Sülhün əsas memarları məhz gənclərdir
“Prezident İlham Əliyevin sülh diplomatiyası Azərbaycanın post-münaqişə dövründə əsas strateji xəttini təşkil edir və regionda sabitlik, əməkdaşlıq və davamlı inkişafın möhkəmlənməsinə xidmət edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev Mədəniyyət Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Bakı Dövlət Universiteti və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə keçirilən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu siyasət milli maraqların beynəlxalq hüquqa əsaslanaraq müdafiəsi, eləcə də dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənir.
“Həmçinin Prezidentin sülh diplomatiyası Azərbaycanın regional sabitlik mərkəzinə çevrilməsinə və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə töhfə verir. 2025-ci ildə Vaşinqtonda keçirilmiş Sülh Sammitində əldə edilən nəticələr Ermənistanla normallaşma prosesinin irəliləməsinə və regionda uzunmüddətli sabitliyin formalaşmasına ciddi təsir göstərib”, – deyə deputat vurğulayıb.
R. Nəbiyev əlavə edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin yalnız gələcəyin deyil, bu günün də fəal qurucusu olduğunu göstərdi. Onun sözlərinə görə, gənclər həm cəbhədə, həm də arxa cəbhədə fəallıq nümayiş etdirərək ölkənin haqq səsini dünyaya çatdırıblar.
“Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, insanlar arasında körpülər qurmaqla təmin olunur. Bu körpülərin əsas memarları isə məhz gənclərdir”, – deyə o bildirib.



