Dərsdə oyun oynamaq olarmı?

22 Yanvar, 2026 - 15:34
Dərsdə oyun oynamaq olarmı?

Müasir təhsil sistemi ciddi transformasiya dövrü yaşayır. İnformasiya əlçatanlığının pik həddə çatdığı dövrdə ənənəvi mühazirə və passiv dinləmə metodları getdikcə öz effektliyini itirir. Buna görə də təhsilin yeni trendi olan oyunlaşdırma (“gamification”) metodu təlimin effektivliyini artırmağa xidmət edən strateji bir yanaşma kimi meydana çıxır. Azərbaycan təhsil sisteminin rəqəmsal transformasiya hədəfləri çərçivəsində oyunlaşdırma mexanizmlərinin tətbiqi şagird motivasiyasının yenidən formalaşdırılması üçün həlledici faktorlardan biridir.

Oyunlaşdırma oyun elementlərinin və mexanizmlərinin (xal, liderlik cədvəli, nişanlar) oyun kontekstində olmayan sahələrə (məsələn, riyaziyyat dərsinə) inteqrasiyasıdır. Oyunlaşdırmanın pedaqoji fəlsəfəsi təkcə "oyun oynamaq" deyil, oyun dizaynı elementlərinin təlim mühitinə inteqrasiyası vasitəsilə idraki fəallığın stimullaşdırılmasıdır. Riçard Ryan və Eduard Desi tərəfindən irəli sürülən özünü müəyyən etmə nəzəriyyəsinə görə, oyunlaşdırma şagirdin üç fundamental psixoloji ehtiyacını – muxtariyyət, səriştəlilik və aidiyyət hissini təmin edir. Şagird tapşırıqları yerinə yetirərkən özünü prosesin idarəedicisi kimi hiss edir və onun öyrənməyə olan daxili marağı davamlı xarakter alır. Müasir araşdırmalar da göstərir ki, oyunlaşdırma zamanı əldə olunan nailiyyətlər beyində dopamin ifrazını artırır, bu da öyrənilən məlumatların uzunmüddətli yaddaşa köçürülməsini sürətləndirir. 
Bu metod artıq sınaq mərhələsini keçib və bir çox inkişaf etmiş ölkədə milli təhsil strategiyasının tərkib hissəsinə çevrilib. Məsələn, PISA reytinqlərində daim ön sıralarda olan Finlandiya təhsil sistemi oyunlaşdırmanı erkən yaşlardan tətbiq edir. Onların yanaşmasına görə, uşaq üçün oyun ən təbii öyrənmə mexanizmidir. Finlandiya məktəblərində xüsusilə şagirdlər real dünya problemlərini oyun ssenariləri daxilində həll edirlər. Məsələn, riyaziyyat və coğrafiya dərsləri virtual şəhərsalma oyunları vasitəsilə inteqrasiya olunur.

ABŞ-də yerləşən "Quest to Learn" (Q2L) adlı məktəb dünyada kurikulumu tamamilə oyun dizaynı üzərində qurulan ilk təhsil müəssisələrindən biridir. Burada şagirdlər “öyrənən” deyil, “dizayner” və “strateq” adlanırlar. Hər dərs rübü böyük bir “missiya”, hər mövzu isə “tapşırıq” kimi təqdim olunur. Nəticələr göstərir ki, bu məktəbin şagirdləri tənqidi təfəkkür və sistemli düşünmə bacarıqlarında yaşıdlarını əhəmiyyətli dərəcədə üstələyirlər.

Həmçinin UNESCO və OECD tərəfindən aparılan tədqiqatlara əsasən, oyunlaşdırılmış mühitlərdə təhsil alan şagirdlərin mövzuya olan marağı 60, məlumatları yadda saxlama dərəcəsi isə 40 faizdən daha yüksək olur.

Lakin oyunlaşdırmanın "sehrli çubuq" olmadığını və bəzi hallarda əks-effekt verə biləcəyini də qeyd etməliyik. Əgər sistem düzgün qurulmasa, şagird dərsin mahiyyətini unudub, yalnız xal və ya liderlik cədvəlində yüksəlmək üçün çalışmağa başlaya bilər. Həmçinin oyun cədvəlində daim aşağıda qalan şagirdlərdə özünəinamın itməsinə və dərsdən soyumasına səbəb ola bilər. Buna görə də proses mütləq balanslaşdırılmalıdır.

Nəzəriyyə nə qədər mükəmməl olsa da, onun həqiqi sınaq meydanı sinif otağıdır. Bəs qlobal miqyasda uğur qazanmış bu metodologiya Azərbaycan məktəbinin mühitinə necə adaptasiya olunur?

Oyunlaşdırmanın Azərbaycan məktəblərindəki praktiki mənzərəsini görmək üçün 38 illik zəngin pedaqoji təcrübəyə malik bir müəllimin sinif otağına boylanırıq. Mövzu ilə bağlı təcrübələrini “Azərbaycan müəllimi” ilə bölüşən Bakı şəhəri 74 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natavan Rzayeva söyləyir ki, dərslər sıxıcı olmamalı, müasir dərs dövrlə uyğunlaşmalıdır: “İndiki nəsli əvvəllər ənənəvi təhsildə olduğu kimi 45 dəqiqə parta arxasında tərpənmədən əyləşdirə bilmərik. Zaman bizə artıq başqa cür diktə edir. Bildiyiniz kimi, uşaqların planşetlərə, oyunlara çox böyük marağı var. Bu bir tərəfdən problem yaradır, telefondan asılılıq formalaşdırır. Amma biz buna bir az fərqli yanaşmaq, onların bu marağından istifadə edib onu səmərəli hala gətirməliyik”.

“Müasir gəncliyi maraqlandırmaq lazımdır”

Müəllim bildirir ki, oyunlaşdırma elementləri onun fəaliyyətində həmişə olub, lakin bu yanaşma pandemiya dövründə "Teams" platforması üzərindən keçilən dərslərdə yeni bir nəfəs qazanıb. "Baamboozle" kimi əyləncəli oyunların Azərbaycan dili dərslərinə inteqrasiyası evə qapanmış şagirdlər üçün dərsi cansıxıcı informasıya ötürücüsündən maraqlı bir yarışma meydanına çevirib: “Həmin dövrdə dərs saatlarımız da az idi, 35 dəqiqə olurdu və bu vaxtı səmərəli dəyərləndirmək lazım idi. O zaman “Baamboozle” adlı əyləncəli bir oyundan istifadə etdim. Televiziya verilişlərində gördüyümüz, lövhədə nömrələrlə açılan, komandalarla oynanan bir oyundur. Mən bunu Azərbaycan dili dərsində tətbiq etdim. Öncədən 20 sual hazırlayırdım, komandalar bu suallara cavab verirdilər. Suallar nömrələnirdi və oyun çox maraqlı alınırdı.
Dərslərimiz o qədər maraqlı keçirdi ki, hətta valideynlər də maraq göstərirdilər, bəzən onlar övladları ilə birlikdə iştirak edirdilər”.

“Oyunlaşdırmanı tətbiq etmək müəllimdən peşəkarlıq tələb edir”

Natavan müəllim xüsusilə vurğulayır ki, şagirdləri dərsə cəlb etmək ildən-ilə çətinləşir, buna görə də müəllimlər zamanın tələbi ilə uyğunlaşmalıdırlar: “Dərslər sıxıcı olmamalıdır, 45 dəqiqə zəngdən zəngə monoton keçməməlidir. Müasir dərsin ən böyük problemi şagirdin 5-7 dəqiqədən sonra diqqətinin yayınmasıdır. Məhz oyunlaşdırma metodu bu ehtiyacdan yarandı. Oyunlaşdırmanı tətbiq etmək müəllimdən peşəkarlıq tələb edir. Təbii ki, hər mövzuya oyun tətbiq etmək olmaz. Adətən bunu ümumiləşdirici dərslərdə edə bilərik. Uşaqlar üçün çətin olan mövzuları onlara əyləndirərək öyrətmək səmərəli nəticə verir. 
Oyunlu dərslər dərsin mənimsənilməsinə müsbət təsir edir. Sağlam rəqabət yaranır. Bu, təkcə biliklə bağlı deyil, həm də yoldaşlıq, əməkdaşlıq, paylaşma, birgə qalib gəlmək hissidir. Təqdimatlar, əl işləri, səhnəciklər uşaqların həm zehni inkişafına, həm də estetik zövqünün formalaşmasına kömək edir. Sinifdə bilik səviyyələri fərqli olan uşaqlar var: zəif, orta və güclü şagirdlər. Oyun zamanı sanki hüquqlar bərabərləşirdi. Güclü şagirdlər zəifləri kölgədə qoymur, əksinə, onlara kömək edirdilər. Bu, uşaqların kollektivə uyğunlaşmasına, ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərir.

Ümumiyyətlə, oyunlaşdırma metodu çox faydalır, sadəcə müəllim düzgün qərar verməlidir: hansı mövzuda, nə vaxt tətbiq etmək olar. Hər dərsdə yox, ara-sıra tətbiq edildikdə daha effektiv olur. Uşaqlar bu dərsləri səbirsizliklə gözləyirlər”.

Göründüyü kimi, oyunlaşdırma şagirdin təhsilə münasibətini kökündən dəyişən strateji bir alətdir. Təhsilin transformasiyası üçün də təkcə rəqəmsal infrastruktur deyil, ilk növbədə, müəllimin yeniliyə açıq baxış bucağı vacibdir. Azərbaycanın təhsil strategiyasının ana xəttini təşkil edən rəqəmsallaşma hədəfləri çərçivəsində oyunlaşdırma metodlarının milli kurikulumun ruhuna uyğun tətbiqi şagirdlərimizin dünyadakı yaşıdları ilə rəqabətədavamlı yetişməsinə təkan verəcək. Əsas məqsəd isə dəyişməz qalır: zəng çalınanda sinifdən qaçmağa tələsən deyil, dərsi sevərək mənimsəyən şagird nəsli yaratmaq.