Maliyyə-İqtisad Kollecinin məzunlarının 59%-i universitetlərdə təhsil alır
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində məzunların təhsil və məşğulluq göstəricilərinə dair aparılan təhlillər müsbət nəticələri ortaya qoyur.
Bu barədə "Azərbaycan müəllimi"nə kollecdən məlumat verilib.
Kollecdə aparılan monitorinqlərə əsasən, məzunların əhəmiyyətli hissəsi ali təhsilə davam edir və ya əmək fəaliyyətinə qoşulur. Kollecin karyera və məzunlarla iş üzrə məsul şəxsin təqdim etdiyi hesabatda bildirilir ki, 2024–2025-ci tədris ilində kolleci bitirən məzunların məşğulluq və təhsil göstəriciləri üzrə aparılan təhlillərə əsasən ötən il 442 nəfər tələbə məzun olub.
Statistik göstəricilərə əsasən, məzunların 259 nəfəri (59%) ali təhsil müəssisələrinə qəbul olunaraq təhsillərini bakalavr səviyyəsində davam etdirir. Hesabata görə, 49 nəfər (11%) kollec diplomu ilə əmək fəaliyyətinə başlayıb. 134 nəfər (30%) isə ailə qurması və ya hərbi xidmətə yollanması səbəbindən hazırda əmək fəaliyyətinə qoşulmayıb.
Kollecdə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Təcrübə proqramlarının genişləndirilməsi, müəssisələrlə əməkdaşlığın artırılması və tələbələrin karyera imkanlarının dəstəklənməsi bu istiqamətdə görülən əsas işlərdəndir.
Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov bildirib: “Kollecdə məqsədimiz tələbələrə yalnız nəzəri bilik vermək deyil, eyni zamanda onların gələcək təhsil və peşə fəaliyyətinə hazır şəkildə formalaşmasına dəstək olmaqdır. Məzunlarımızın əhəmiyyətli hissəsinin ali təhsilə davam etməsi və əmək fəaliyyətinə başlaması bu istiqamətdə görülən işlərin nəticəsidir. Gələcəkdə də məzunların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərimizdən olacaq”.



