Dərslik və qəbul proqramlarının uyğunluğu: Müəllimlər hansı boşluqları görürlər?
Son illər qəbul imtahanlarında tətbiq olunan yeni tələblər dərslik məzmunu ilə məktəbdə tədris olunan mövzuların uyğunluğunu daha da aktual edib. Kurikulumun məqsədləri ilə DİM-in hazırladığı imtahan tapşırıqları arasındakı əlaqənin gücləndirilməsi həm müəllimlərin, həm də şagirdlərin hazırlıq prosesində əsas amilə çevrilib. Məhz bu zərurətdən irəli gələrək DİM-in keçirdiyi fənn seminarlarında müxtəlif bölgələrdən olan müəllimlər dərsliklərin məzmunu, şagirdlərin çətinlik yaşadığı sahələr və test banklarının təkmilləşdirilməsi ilə bağlı öz müşahidələrini bölüşüblər.
“Azərbaycan müəllimi” qəzeti olaraq həmin müzakirələrə qatılan və prosesə onlayn qoşulan üç müəllim – Bəhruz Davudov (Azərbaycan dili və ədəbiyyat), İbrahim Həmidov (fizika) və Səidə Salihovanın (biologiya) fikirlərini öyrənib.
Bəhruz Davudov: “Dərsliklərdə qayda azlığı imtahana hazırlanmanı çətinləşdirir”
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Kiş kənd 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda Şəki şəhər Kimya-biologiya təmayüllü liseydə dərs deyən Bəhruz Davudov 2008-ci ildən müəllimlik edir. O, dərslik–imtahan xəttində müəyyən uyğunluqlar olsa da, praktiki baxımdan bəzi boşluqların da olduğunu qeyd edir:
“Təkcə dərsliyə baxmaqla şagirdin qəbul imtahanına tam hazırlaşması mümkün deyil. Dərslikdə olmayan bölmələrdən suallar düşür, amma imtahan proqramına uyğun olan bəzi qaydaların dərslikdə yer almaması böyük çatışmazlıqdır”.
Müəllimin fikrincə, seminarların əsl əhəmiyyəti məhz bu uyğunsuzluqların səsləndirilməsi və sahə mütəxəssisləri ilə birbaşa fikir mübadiləsidir:
“Bu prosesdə olan müəllim kimi regionlarda da belə müzakirələrin keçirilməsini çox vacib hesab edirəm. Test banklarının siniflərdə tətbiqi də biliklərin möhkəmləndirilməsində xüsusi rol oynaya bilər.”
O düşünür ki, keçmiş imtahanların sistemli təhlili və təkmilləşdirilmiş kitabların dərs prosesinə inteqrasiyası şagirdlərin hazırlıq səviyyəsini yüksəldəcək.
İbrahim Həmidov: “Kitab oxumayan uşaq dərin biliyə çatmır”
Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbində 22 ildir ki, fizika müəllimi çalışan İbrahim Həmidov dərslik–proqram uyğunluğunda ümumi xəttin olmasını doğru sayır. Amma o, şagirdlərin öyrənmə davranışlarında yaranan dəyişiklikləri əsas problem kimi göstərir:

“Şagirdlər az vaxt sərf edib çox öyrənmək istəyirlər. Bu yanaşma onları dərin biliyə aparmır. Fizika yalnız qayda və düsturdan ibarət deyil – məntiq, analiz, çalışmaq vərdişi tələb edir. Məhz buna görə dərslərdə kitabla işləmək bacarığını artırmaq əsas məqsədlərdən olmalıdır.”
Həmidov seminarlarda iştirakın fənn müəllimlərini yenilənən tələblərlə daha yaxından tanış etdiyini bildirir və bu prosesin davamlı olmasının tərəfdarıdır.
Səidə Salihova: “Məntiqi əlaqələndirmə zəifdir – sualın cavabını tapırlar, səbəbini tapmırlar”
Göyçay şəhəri Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Səidə Salihova həm MİQ-dən 57 bal toplayaraq respublika birincisi, həm də diaqnostik qiymətləndirmədə 60 balla region birincisi olub.
Seminarda iştirak edən Səidə müəllimin sözlərinə görə, müzakirələr praktiki problemləri açıq şəkildə ifadə etmək üçün mühüm platformadır:
“Rus və Azərbaycan bölmələrində yaranan çətinlikləri illərlə görürük. Lakin bunu mütəxəssislərin özlərinə çatdırmaq imkanımız az olurdu. Bu seminar bizə real imkan yaratdı ki, iradlarımız dinlənsin və qeydə alınsın”.
O, şagirdlərin çətinlik çəkdiyi sahəni konkret göstərir:
“Biologiyada ən böyük problem məntiqi əlaqələndirmədir. Bilgini bilirlər, amma nəticə çıxarmaqda çətinlik çəkirlər. Müxtəlif siniflərdən məlumatı birləşdirib cavab yaratmaq bacarığı zəifdir. Bu səbəbdən məntiqi tələbləri artıran dəyişikliklər vacibdir”.
Salihova seminarların region müəllimləri üçün açıq platforma kimi rolunu yüksək qiymətləndirir:
“Bu yanaşma təhsilin keyfiyyətini artırmaq üçün birbaşa imkan yaradır.”
Fənn seminarlarında aparılan müzakirələr göstərir ki, dərslik–proqram uyğunluğu mövcuddur, lakin fənn qaydalarının sistemliyi, məntiqi əlaqələrin qurulması, test banklarının yenilənməsi və praktiki bacarıq komponentlərinin artırılması zəruridir.
Region müəllimlərinin səsləndirdiyi fikirlər bir daha sübut edir ki, imtahan nəticələrinin yaxşılaşması üçün yalnız abituriyent hazırlığı deyil, məhz dərsliyin məzmunu, tədris metodikası və resursların yenilənməsi əsas şərtlərdir.
DİM tərəfindən müzakirələrdə toplanmış qeydlərin “Abituriyent” jurnalının növbəti sayında metodik tövsiyə kimi dərc olunması, eləcə də test banklarının bu təkliflər əsasında təkmilləşdirilməsi müəllimlərin gözləntiləri ilə üst-üstə düşür.
Növbəti həftə davam edəcək seminarlardan həm müəllimlərin, həm də ekspertlərin təhsilin keyfiyyətinə xidmət edən daha dolğun nəticələr gözlənilir.
Qeyd edək ki, 9 fevralda Azərbaycan dili, 10 fevralda kimya, 11–13 fevral tarixlərində isə fizika, biologiya və coğrafiya fənləri üzrə keçirilən seminarlar Dövlət İmtahan Mərkəzinin “Metodik göstərişlər”inə əsaslanan imtahan materiallarının müzakirəsinə həsr olunmuşdu. Seminarlar həm əyani, həm də onlayn formatda təşkil olunmuş, DİM-in regional bölmələri – Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay müəllimləri də müzakirələrə qoşulmuşdu.
Məqsəd test banklarının təkmilləşdirilməsi, dərslik–proqram xəttinin uyğunlaşdırılması və abituriyentlərin çətinlik çəkdiyi tapşırıqların təhlili idi. Edilən qeydlər gələcəkdə həm test banklarında, həm də dərsliklərin yenilənməsində nəzərə alınacaq.



