DİA-da keçirilən beynəlxalq təlim proqramı başa çatıb
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi və Akademiyanın Dillər kafedrasının təşəbbüsü ilə həyata keçirilən "Virtual Specialist" Proqramı çərçivəsində təşkil olunmuş "Teaching Academic Writing and AI in Teaching" və "Research Skills, Getting Published, and AI in Research" təlimlərinin başa çatması münasibətilə sertifikatların təqdimetmə mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov ölkədə insan kapitalının inkişafının, ali təhsilin rəqəmsallaşdırılmasının və süni intellekt texnologiyalarının tədris və elmi tədqiqatlara inteqrasiyasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu kimi beynəlxalq proqramlar müəllimlərin peşəkar inkişafına töhfə verməklə yanaşı, ölkəmizin rəqəmsal transformasiya və innovativ inkişaf strategiyasının həyata keçirilməsinə də xidmət edir.
Tədbirdə ABŞ-nin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Məsələləri üzrə müşaviri Rendi Kol, Arizona Dövlət Universitetinin "Mary Lou Fulton Teachers College"in English Learners Department Chair Specialisti Dr. Connie Hahne və Akademiyanın Dillər kafedrasının müdiri dosent Ülkər Şəfiyeva çıxış ediblər.
Çıxış edən ABŞ-nin Azərbaycandakı Səfirliyinin nümayəndəsi Rendi Kol Azərbaycan ilə ABŞ arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu kimi proqramların bilik və təcrübə mübadiləsinə, müəllimlərin peşəkar inkişafına mühüm töhfə verdiyini bildirib. O, həmçinin süni intellekt texnologiyalarının təhsil və dövlət idarəçiliyində yaratdığı yeni imkanlardan bəhs edərək, innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.
Daha sonra layihənin təlimçisi Connie Hahne çıxış edərək proqram iştirakçılarının yüksək motivasiyasını və fəal iştirakını xüsusi qeyd edib. O, təlimləri uğurla başa vuran iştirakçıları təbrik edərək, proqramın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Ü.Şəfiyeva çıxışında Akademiya ilə ABŞ-nin Azərbaycandakı Səfirliyi arasında uğurla davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayaraq proqramın həyata keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, proqram çərçivəsində keçirilən təlimlər 27 müəllimə akademik yazı, elmi nəşr fəaliyyəti, eləcə də tədris və tədqiqat prosesində süni intellektdən səmərəli istifadə sahəsində müasir bilik və praktik bacarıqlar qazandırıb. Bildirilib ki, bu proqram ölkəmizdə rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində müəyyən edilmiş prioritetlərin Akademiyada uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
Tədbirdə, həmçinin təlim iştirakçıları Azadə Michayilova və Gülputa Shirinova çıxış edərək layihə çərçivəsində qazandıqları bilik və bacarıqlar, təlim müddətində əldə etdikləri təcrübə və proqramın onların peşəkar inkişafına verdiyi töhfələr barədə fikirlərini bölüşüblər və layihənin təşkilatçılarına və prosesdə əməyi olan bütün tərəflərə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.




