Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR
Dövlət ümumi təhsil müəssisələrində təhsilini başqa dildə davam etdirmək istəyən şagirdlər üçün qiymətləndirmə mexanizmi müəyyənləşdirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası 5 mart tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası”nı təsdiq edib.
Qərara əsasən, digər dildə təhsil almaq istəyən şagirdlər müvafiq tədris dili üzrə müsahibədən keçməlidirlər. Müsahibələr Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən təşkil olunacaq.
Qaydalara görə, I sinfə qəbul üzrə müsahibələr hər il may–iyun aylarında bir dəfə, II-XI siniflər üzrə isə avqust və yanvar aylarında olmaqla ildə iki dəfə keçiriləcək. Müsahibədə iştirak üçün valideynlər Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə qeydiyyatdan keçərək elektron ərizə təqdim etməlidirlər.
Müsahibələr azı 20 dəqiqə davam edəcək və valideynin razılığı ilə videoçəkiliş aparılacaq. Qiymətləndirmə şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqları əsasında həyata keçiriləcək. I sinfə qəbul zamanı isə əsas diqqət uşağın ilkin dil bacarıqlarına, dinləyib-anlama, rabitəli danışma, söz ehtiyatı və səsləri düzgün tələffüz etmə qabiliyyətinə yönəldiləcək.
Qiymətləndirmə zamanı hər meyar üzrə maksimum 5, minimum 2 bal verilir. Ümumi nəticə komissiya üzvlərinin ballarının orta göstəricisi əsasında hesablanır. 12 və daha çox bal toplayan şagirdlər müsahibədən uğurla keçmiş hesab olunurlar.
Qaydalara əsasən, müsahibələrin nəticələri 5 iş günü ərzində elektron kabinetə göndəriləcək. Valideynlərə müsahibə prosesini izləmək imkanı yaradılacaq, həmçinin qərarlardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ tanınır.



