Digər universitetlərin alimləri də TAU-da tədqiqat apara biləcəklər
 
                                “Türkiyə–Azərbaycan Universitetinin təşəbbüsü ilə TÜBİTAK və Azərbaycanın birgə proqramı nəticəsində yaradılan layihələr dəstəklənəcək. Bu layihələr hər iki tərəfdən seçiləcək. Əgər həmin layihələr bəyənilərsə və qəbul olunarsa, onların bir hissəsi TAU-da, digəri isə Türkiyə tərəfında həyata keçiriləcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-nin "Özəl müsahibə" verilişində Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir səsləndirib.
O qeyd edib ki, elm adamlarının burada elmi tədqiqatlar aparması üçün də şərait yaradılacaq:
“Bizdə elə bir məhdudiyyət yoxdur ki, yalnız Türkiyə–Azərbaycan Universitetinin müəllimləri burada fəaliyyət göstərə bilsinlər. Digər universitetlərin alimləri və tədqiqatçıları da müəyyən proqramlar çərçivəsində gələrək burada işləyə bilərlər. TAU bir platforma universitetidir, yəni bir çox universitetin birgə əməkdaşlığını təmin edən bir mühitdir”.                        
 



 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            