Dövlət başçısı: Tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik
“Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Prezident əlavə edib ki, Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər ona təqdim edilib. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur:
“Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir.
Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”.




