DP ilə dünyanın nüfuzlu universitetlərinə: iki gəncin uğur hekayəsi
Ölkənin sürətli inkişafı üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi prioritet istiqamətlərdən biridir.
Hər il olduğu kimi, bu il də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələrinə əsasən, namizədlər müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıblar.
Belə ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
"Azərbaycan müəllimi" Dövlət Proqramına qəbul olunan gənclərlə, onları proqramla əlaqələndirən təhsil yolu ilə oxucularını tanış edir.
"Dövlət Proqramının qalibi olmaq mənim üçün çox sevindirici və qürurverici bir nəticədir"
Amal Mirzəyev Bakı şəhərində yaşayır və 2021-ci ildə Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirib. O, elə həmin il Milli Aviasiya Akademiyasının "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunaraq 2026-cı ildə bakalavr təhsilini başa vurub. Amal vurğulayır ki, hələ məktəb illərindən etibarən daim öyrənməyə, özünü inkişaf etdirməyə və yeni sahələri kəşf etməyə maraq göstərib. Universitet illərində isə yalnız akademik təhsillə kifayətlənməyərək, xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və kosmik texnologiyalar istiqamətində bilik və təcrübəsini inkişaf etdirməyə çalışıb: "Bu müddət ərzində həm Azərbaycanda, həm də xaricdə müxtəlif beynəlxalq müsabiqə, elmi konfrans, innovasiya proqramı və layihələrdə iştirak etmişəm. Əsas uğurlarımdan biri "Huawei ICT Competition" ilə bağlıdır. 2024-cü ildə Azərbaycan mərhələsində fərdi olaraq iştirak etmişəm və ölkə üzrə birinci yerə layiq görülmüşəm. 2025-ci ildə isə regional mərhələdə 14 ölkə arasında üçüncü yeri qazandıq. 2025-ci ildə İstanbulda keçirilən TEKNOFEST çərçivəsində komandamız 300-dən çox komanda arasından ilk 10-luğa daxil oldu. Bununla yanaşı, layihəmiz “Best Presentation Award” mükafatına layiq görüldü. 2025-ci ildə kosmik texnologiyalar istiqamətində hazırladığım elmi məqalə Beynəlxalq Astronavtika Konqresi (International Astronautical Congress-IAC 2025) üçün qəbul edildi. Mən Avstraliyanın Sidney şəhərində keçirilən IAC 2025-də Azərbaycanı təmsil edən milli komandanın tərkibinə seçildim və elmi işimi beynəlxalq auditoriya qarşısında təqdim etdim. Daha sonra həmin elmi iş "Scopus" bazasında indeksləndi".
Bu istiqamətdə fəaliyyətini davam etdirən istedadlı tələbə 2026-cı ildə Antalyada keçiriləcək Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) üçün də elmi iş təqdim edib. "Məqaləm konfransa qəbul olunub və bu il də Azərbaycan milli komandasının tərkibində ölkəmizi təmsil edəcəyəm. Digər mühüm beynəlxalq təcrübələrimdən biri "Huawei Seeds for the Future" proqramıdır. 2024-cü ildə Özbəkistanda keçirilən proqramda Azərbaycanı təmsil etmək üçün seçilən 6 tələbədən biri olmuşam. Proqram çərçivəsində komandamız həmçinin “Social Takeover Award” üzrə birinci yerə layiq görülüb".
Bütün bunlarla yanaşı, Amal tələbəlik illərində Azərbaycanda və müxtəlif xarici ölkələrdə keçirilən çoxsaylı hackathon, innovasiya proqramı, texnologiya layihəsi, elmi və beynəlxalq tədbirlərdə iştirak edib. "Mənim üçün bütün bu nailiyyətlərin ən böyük dəyəri yalnız əldə olunan nəticələr deyil, hər bir təcrübənin mənə yeni bilik, fərqli baxış bucağı və ölkəmi beynəlxalq mühitdə təmsil etmək imkanı qazandırmasıdır.
Uğur qazanmağımda ən böyük dəstəyi hər zaman ailəmdən görmüşəm. Ailəm təhsilimi və inkişafımı daim ön planda tutub, daha yaxşı şəraitdə oxumağım, yeni imkanlardan yararlanmağım və qarşıma qoyduğum məqsədlərə çatmağım üçün mənə hər cür dəstək göstərib. Verdiyim qərarlarda yanımda olmaları və mənə inanmaları indiyə qədər keçdiyim yolda mənim üçün ən böyük motivasiya mənbələrindən biri olub".
Onu Dövlət Proqramı ilə əlaqələndirən uğur yolundan danışan gənc söyləyir ki, bakalavr təhsili müddətində magistratura təhsilini xaricdə davam etdirmək barədə düşünməyə və bu istiqamətdə müxtəlif universitetləri araşdırmağa başlayıb. "Qarşıma qoyduğum əsas məqsədlərdən biri dünyanın qabaqcıl universitetlərindən birində təhsil almaq və bunu Dövlət Proqramı çərçivəsində həyata keçirmək idi. Çünki Dövlət Proqramını Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almasına yaradılan ən böyük imkanlardan biri hesab edirəm. Müraciətlərim nəticəsində dünyanın bir sıra nüfuzlu universitetlərindən qəbul aldım. ABŞ-nin Carnegie Mellon, Avstraliyanın Sidney, Böyük Britaniyanın Mançester universitetlərindən kibertəhlükəsizlik istiqaməti üzrə magistratura təhsili üçün qəbul təklifləri əldə etdim.
Son seçimim isə Sidney Universiteti oldu. Bu seçim mənim üçün təsadüfi deyildi. 2025-ci ildə elmi konfransda iştirak etmək üçün Sidney şəhərində olduğum müddətdə universiteti şəxsən ziyarət etmək imkanım olmuşdu. Universitetin kampusu, tələbələr üçün yaradılan şərait, akademik mühiti və təqdim etdiyi imkanlarla yaxından tanış oldum və bütün bunlar məndə çox müsbət təəssürat yaratdı. Sonradan həmin universitetdən qəbul aldıqda artıq orada təhsil almağın mənim akademik və peşəkar hədəflərimə uyğun olduğunu bilirdim. Buna görə də Dövlət Proqramına məhz bu universitetə kibertəhlükəsizlik üzrə magistratura təhsili almaq üçün müraciət etdim. DP qalibi olmaq mənim üçün çox sevindirici və qürurverici bir nəticədir. Çünki bu proqramın qalibi olmaq, məncə, yalnız xaricdə təhsil almaq imkanı deyil, eyni zamanda insanın qarşısında çox böyük bir fürsətin açılması deməkdir. Nəticəni əldə etdiyimi öyrəndikdə təbii ki, böyük sevinc hissi keçirdim. Eyni zamanda bunun müəyyən bir məsuliyyət gətirdiyini də düşünürəm. Mənə yaradılan bu fürsətdən maksimum şəkildə yararlanmağa, əldə edəcəyim bilik və təcrübəni gələcəkdə ölkəmizin inkişafına töhfə vermək üçün istifadə etməyə çalışacağam".
Beləliklə də Amal Mirzəyev Avstraliyanın Sidney şəhərində yerləşən University of Sydney-də "Kibertəhlükəsizlik" (Master of Cybersecurity) ixtisası üzrə magistratura təhsilini davam etdirəcək. Sözlərinə görə, kibertəhlükəsizlik uzun müddətdir xüsusi maraq göstərdiyi sahələrdən biridir. "Müasir dünyada rəqəmsallaşmanın sürətlə artması ilə yanaşı, kibertəhdidlərin miqyası və mürəkkəbliyi də artır. Artıq kibertəhlükəsizlik yalnız texnologiya şirkətlərini deyil, bankçılıq, aviasiya, dövlət infrastrukturu və ümumilikdə cəmiyyətin gündəlik həyatını əhatə edən strateji əhəmiyyətli bir sahəyə çevrilib. Məni bu istiqamətə cəlb edən əsas məqamlardan biri də daim inkişaf edən, yeni problemlər və həllər tələb edən bir sahə olmasıdır. Magistratura təhsilim müddətində bu istiqamətdə biliklərimi daha da dərinləşdirmək və beynəlxalq təcrübə qazanmaq istəyirəm".
Asudə vaxtlarında Amal Rubik kubu ilə məşğul olmağı sevir. Xüsusilə klassik Rubik kubu ilə yanaşı, müxtəlif formalı və fərqli həll mexanizmləri olan kub növlərinə maraq göstərir.
Bununla yanaşı, innovasiya və startap ekosisteminə də böyük marağı var. Yeni ideyaların real problemlərin həllinə çevrilməsi, startapların yaradılması və inkişaf etdirilməsi onun üçün maraqlı istiqamətlərdəndir. Gələcəkdə öz startaplarını qurmaq və innovativ layihələr üzərində işləmək də istəyir. "Əsas hədəflərimdən biri magistratura təhsilimi yüksək nəticələrlə başa vurmaq, bu müddət ərzində mümkün qədər çox bilik və beynəlxalq təcrübə qazanmaqdır. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq əldə etdiyim bilik və təcrübəni ölkəmizdə tətbiq etmək istəyirəm. Xüsusilə kibertəhlükəsizlik, texnologiya və innovasiya ekosisteminin inkişafına töhfə vermək əsas hədəflərimdəndir. Uzunmüddətli perspektivdə isə həm öz sahəmdə peşəkar kimi inkişaf etmək, həm də yaratdığım layihə və təşəbbüslərlə ölkəmiz üçün faydalı olmaq istəyirəm. Məncə, uğurlu olmağın əsas sirri heç vaxt təslim olmamaq və sınamağa davam etməkdir. Hər cəhd uğurla nəticələnməyə bilər, amma uğursuz nəticə dayanmaq üçün səbəb deyil. Alınmadısa, yenidən sınamaq, başqa yol axtarmaq və bundan nəticə çıxarmaq lazımdır.
Mən özüm də bu prinsiplə hərəkət etməyə çalışıram: olmadısa, yenidən sına; yenə olmadısa, bir daha sına. Davamlı şəkildə çalışdıqda və məqsədindən vaz keçmədikdə, düşünürəm ki, nəticə gec-tez gəlir".
"Dövlət Proqramı mənim universitet illərimdən başlıca xəyalım olub"
Rəvan Məmmədov Mingəçevir şəhərində anadan olub. Hazırda isə Bakı şəhərində yaşayır. Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbi 2022-ci ildə bitirib və 601 balla Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" ixtisasına qəbul olunub. 2023-cü ildən maliyyə tədrisini SABAH Qruplarında ingilis dilində davam etdirib və 2026-cı ildə məzun olub.
"Həm məktəb, həmçinin universitet dövründə fərqlənməyə çalışmışam. Belə ki, 9 və 11-ci sinifləri fərqlənmə attestatı ilə bitirmişəm və tədris ili boyunca əlaçı şagird olmuşam. Universitet illərində 98,4 bal ilə əlaçı tələbə olaraq universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Eyni zamanda tələbəlik illərində bir çox yaradıcı fəaliyyətlərlə məşğul olmuşam. Belə ki, teatr tamaşalarında, rəsm dərnəklərində, Azərbaycan Dövlət İqtisad Universitetinin debat yarışlarında və rəqs qrupunda solist olaraq iştirak etmişəm. 2 dəfə yüksək nəticə ilə universitet daxili "TOP 15" təqaüdünə layiq görülmüşəm. 4-cü kurs ərzində "Baker Tilly Azərbaycan" şirkətində kiçik audit mütəxəssisi olaraq çalışmışam. Uğur qazanmaqda ən çox mənə valideynlərimin, qardaşımın və daha sonra yaxın çevrə, dostlar və bu illər boyunca mənə dərs deyən müəllimlərimin dəstəyi olduğunu xüsusilə vurğulamaq istəyərəm. Onların həm maddi, həmçinin mənəvi dəstəyi hər zaman içimdə inam tapmağa kömək olub".
Məqsədyönlü gənc qeyd edir ki, Dövlət Proqramı onun universitet illərindən başlıca xəyalı olub. Daha sonra Imperial College London-dan "İnvestisiya və sərvətin idarə edilməsi" (MSc Investment and Wealth Management) ixtisası üzrə magistraturaya qəbul aldıqdan sonra Dövlət Proqramı Rəvanın birmənalı prioritetinə çevrilib və o, uğurla iştirakçı adını qazanıb: "Bunun üçün müsahibə mərhələsinə qatılmışdım və bu Proqramın həqiqətən rəqabətli olduğundan xəbərdar idim. Ona görə də hazırlaşmaq üçün böyük səy sərf etmişdim. Müsabiqə düşündüyümdən daha çox hərtərəfli keçmişdi və orada olan fəallığıma görə uğurlu olacağımı düşünürdüm. Cavabı alanda işdə idim və orada sevincimi çox büruzə verə bilməsəm də artıq məni, arzuladığım bir yerin, gözlədiyini bilirdim.
Əsl maraq sahəm olan investisiya sahəsi üzrə təhsil alacağam. Əvvəllər investisiya sahəsinin nüfuzu məni özünə çəksə də, sonradan sahənin dərinliklərinə vardıqca ona olan marağım üzə çıxmağa başlayırdı və məhz buna görə də bu ixtisası seçdim.
Proqram qalibinin arzusu tez bir zamanda magistr dönəmini bitirib Vətənə dönmək, sahəsi üzrə ixtisaslaşmış qurumlarda işləyərək dövlətimizin inkişafına öz töhfəsini verməkdir. "İnvestisiya sahəsi üzrə daha dərin biliklərlə geri dönmək və özümdən sonra sahəsində rəqabət apara biləcək ixtisaslı kadrlar yetişdirmək, onlar üçün mentorluq etmək isə hazırda ən böyük motivasiyamdır. Uğurlu olmağın sirri disiplindədir deyə düşünürəm. Bəli, bu belədir. Lakin disiplin biz bir sahəyə dərindən bağlananda öz-özlüyündə yaranan bir bacarıqdır. Ona görə də intizamlı biri olmaq üçün, ilk növbədə, özümüzü harda gördüyümüzü bilməliyik".




