DP təqaüdçüsü “Yale” Universitetində elmi fəaliyyətə başlayıb

17 Noyabr, 2026 - 18:21
DP təqaüdçüsü “Yale” Universitetində elmi fəaliyyətə başlayıb

Dövlət Proqramı çərçivəsində ABŞ-nin nüfuzlu “Yale” Universitetində təhsil alan azərbaycanlı gənc Həmid Həşimzadə sözügedən ali təhsil müəssisəsində çalışmağa başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, hazırda “Yale” Universitetində “Beynəlxalq inkişaf iqtisadiyyatı” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirən H.Həşimzadə universitetin İqtisadiyyat Departamenti və İqtisadi İnkişaf Mərkəzində tədqiqatçı assistenti vəzifəsinə təyin olunub.

O, hazırda universitetin professoru ilə birgə elmi araşdırmalar aparır. Tədqiqat işində ABŞ-də ayrı-seçkiliyə qarşı qəbul edilmiş qanunların əmək bazarına və məşğulluq imkanlarına təsiri öyrənilir.

Həmid Həşimzadənin əsas hədəfi beynəlxalq akademik mühitdə əldə etdiyi bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etməkdir. O, ölkəmizin iqtisadi inkişafına, əmək bazarının təkmilləşdirilməsinə və insan kapitalının gücləndirilməsinə yönəlmiş elmi tədqiqatlara töhfə verməyi planlaşdırır.