Ekspert: Yol hərəkəti qaydaları həftədə heç olmasa bir saat tədris olunmalıdır

6 İyul, 2026 - 14:52
Ekspert: Yol hərəkəti qaydaları həftədə heç olmasa bir saat tədris olunmalıdır

Yay tətili ilə əlaqədar məktəblilərin açıq havada keçirdiyi vaxt artır. Bu da velosiped və elektrikli skuterlərdən istifadənin geniş yayılmasına səbəb olur. Lakin bu nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması yalnız sürücülük bacarığı ilə deyil, yol hərəkəti qaydalarına riayət etməklə də birbaşa bağlıdır. 

Mütəxəssislər bildirirlər ki, azyaşlıların qaydaları bilməməsi və ya onlara əməl etməməsi yol-nəqliyyat hadisələri riskini artıran əsas amillərdəndir. Xüsusilə şəhər küçələrində və avtomobil yollarına yaxın ərazilərdə ehtiyatsız davranış ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan həm valideynlərin nəzarəti, həm də maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, bu sahədə maarifləndirmə tədbirləri artırılmalıdır:

“Düzdür, qanunvericilikdə bunlar təsbit olunub. Elektrikli skuterlərin idarə olunması ilə bağlı müvafiq qanuna dəyişiklik edilib. İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Mütəmadi olaraq görürük ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsi şəhərdə müxtəlif maarifləndirmə tədbirləri həyata keçirirlər”.

Ekspert qeyd edib ki, maarifləndirmə işlərinə təhsil müəssisələrinin də qoşulması vacibdir:
“Yaxşı olardı ki, orta məktəblərdə də bu sahədə maarifləndirmə işləri aparılsın. Bu işlər yol hərəkəti qaydalarının tədrisi çərçivəsində həyata keçirilə bilər. Düşünürəm ki, ilk növbədə orta məktəblərdə yol hərəkəti qaydalarını öyrədən və aşılayan ayrıca bir fənn tədris edilməlidir. Bununla bağlı həftədə heç olmasa bir dərs saatı ayrılmalıdır. Burada tədris formal xarakter daşımamalı, aktual məsələləri əhatə etməlidir”.