Eksternat imtahanlarında uğur qazananların sayı açıqlanıb

16 Fevral, 2026 - 12:22
Eksternat imtahanlarında uğur qazananların sayı açıqlanıb

Əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan eksternat imtahanlarının ilk mərhələsində hər iki səviyyə üzrə ümumilikdə 1282 nəfər müsbət nəticə əldə edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, paytaxt üzrə eksternat imtahanları cari tədris ilində ilk dəfə elektron qaydada keçirilib.

Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Onu da qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.