Elektron gündəliklər təhsildə nələri dəyişir?
Elektron gündəliklər məktəblərdə təlim prosesinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunan əsas rəqəmsal resurslardan biridir.
Sistem vasitəsilə şagirdlərin qiymətləri və davamiyyəti daha operativ şəkildə qeyd olunur, valideynlər isə övladlarının məktəbdəki fəaliyyəti barədə məlumatları məsafədən izləyə bilirlər.
Elektron gündəliklər valideynlər və müəllimlər üçün nə dərəcədə əlverişli imkan yaradır? Eyni zamanda, rəqəmsal platforma müəllim-valideyn münasibətlərinə necə təsir göstərir və onun daha səmərəli işləməsi üçün hansı yeniliklərə ehtiyac var?
“Azərbaycan müəllimi” mövzu ilə bağlı Azərbaycan Gənc Müəllimləri Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova ilə həmsöhbət olub.
P.Qədimova bildirib ki, elektron gündəliklərin tətbiqi müəllimin gündəlik fəaliyyətində vaxtın daha səmərəli idarə olunmasına və inzibati proseslərin sadələşdirilməsi üçün böyük imkan yaradıb:
“Qiymətlərin, davamiyyətin və digər tədris məlumatlarının vahid elektron sistemdə qeydiyyata alınması müəllimin məlumatları daha operativ idarə etməsinə şərait yaradır.
Elm və Təhsil Nazirliyinin elektron jurnal və gündəliklərlə bağlı məlumatlarında da rəqəmsallaşmanın əsas istiqamətlərindən biri məktəbdaxili sənədləşmənin elektronlaşdırılması, məlumatların real vaxt rejimində əlçatanlığının təmin edilməsi və müəllimlərin kargüzarlıq yükünün optimallaşdırılması kimi təqdim olunur.
Burada əsas məsələ elektron gündəliyin müəllimə qazandırdığı vaxt və çeviklikdir. Müəllim məlumatı sistemə daxil etdikdən sonra həmin məlumat müxtəlif hesabatların və təhlillərin hazırlanmasında istifadə oluna bilir. Bu yanaşma müəllimin vaxtını texniki qeydiyyatdan daha çox dərsin planlaşdırılmasına, şagirdlərin inkişafının izlənməsinə və fərdi dəstəyin təşkilinə yönəltməyə imkan verir”.
“Rəqəmsallaşdırma məktəb–ailə əməkdaşlığı üçün daha çevik kommunikasiya mühiti formalaşdırır”
Müsahibimizin sözlərinə görə, elektron gündəlik valideyn üçün məktəbdə baş verən təlim prosesinə daha operativ və sistemli çıxış yaradır:
“Valideyn övladının davamiyyəti, qiymətləri və digər göstəriciləri barədə məlumatı daha rahat şəkildə izləyə bilir. Bu imkan valideynin təhsil prosesində iştirakını gücləndirir və məktəb–ailə əməkdaşlığı üçün daha çevik kommunikasiya mühiti formalaşdırır.
Məncə, burada daha mühüm məqam valideynin yalnız qiyməti görməsi ilə məhdudlaşmır. Rəqəmsal məlumat valideynə uşağın təlim dinamikasını izləmək və vaxtında reaksiya vermək imkanı yaradır. Məsələn, davamiyyətdə dəyişiklik və ya nəticələrdə müəyyən geriləmə müşahidə olunarsa, valideyn müəllimlə daha erkən əlaqə yaradaraq vəziyyəti müzakirə edə bilər”.
Hömsöhbətimiz qeyd edib ki, elektron gündəlik müəllim-valideyn ünsiyyətini daha operativ, məlumatlı və sistemli formata gətirir:
“Valideyn övladının davamiyyəti, qiymətləri və təlim göstəriciləri haqqında məlumatı vaxtında əldə edir, müəllim isə bu məlumatlar əsasında valideynlə daha məqsədyönlü kommunikasiya qura bilir.
Elektron gündəliyi müəllim-valideyn münasibətlərini tamamlayan güclü rəqəmsal kommunikasiya vasitəsi kimi qiymətləndirirəm. Çünki təhsil prosesində məlumat mübadiləsi ilə yanaşı, pedaqoji dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq da mühüm rol oynayır.
Elektron sistem valideynə “şagirdin nəticəsində nə baş verir?” sualına daha sürətli cavab verir. Müəllim-valideyn görüşləri isə “bu nəticənin səbəbləri hansılardır və inkişaf üçün hansı addımları ata bilərik?” sualının daha ətraflı müzakirəsinə imkan yaradır.
Bu baxımdan gələcəyin məktəb–ailə əməkdaşlığında rəqəmsal və canlı ünsiyyətin paralel və tamamlayıcı şəkildə inkişafı daha səmərəli model kimi görünür. Elektron gündəlik məlumat axınını sürətləndirir, müəllim-valideyn dialoqu isə həmin məlumatın pedaqoji qərara çevrilməsinə kömək edir”.
“Sistemdə şagirdin inkişaf dinamikasını göstərən analitik panelin olması faydalı olar”
P.Qədimova vurğulayıb ki, elektron gündəliklərin inkişafında növbəti mərhələni məlumatların toplanmasından məlumatların təhlilinə və qərarverməyə keçid kimi görmək olar:
“İlk növbədə, sistemdə şagirdin inkişaf dinamikasını göstərən analitik panelin olması faydalı olar. Müəllim və valideyn şagirdin yalnız cari nəticəsini yox, müəyyən müddət ərzindəki inkişafını, güclü tərəflərini və dəstəyə ehtiyac duyduğu istiqamətləri görə bilməlidir.
İkinci mühüm imkan erkən xəbərdarlıq sisteminin yaradılmasıdır. Davamiyyətin azalması, qiymətlərin ardıcıl aşağı düşməsi və ya müəyyən bacarıqlarda geriləmə müşahidə olunduqda sistem müəllim və valideynə müvafiq bildiriş təqdim edə bilər. Bu yanaşma problemlərin erkən müəyyənləşdirilməsinə və vaxtında dəstək göstərilməsinə imkan yaradar.
Üçüncü istiqamət müəllim-valideyn kommunikasiyasının inkişafıdır. Elektron gündəlikdə qısa rəy, fərdi tövsiyə, görüş üçün vaxt müəyyənləşdirmə və görülən tədbirlərin qeydiyyatı kimi funksiyaların genişləndirilməsi əməkdaşlığı daha sistemli edə bilər.
Dördüncü istiqamət isə sistemlərarası inteqrasiyadır. Müəllimin müxtəlif platformalarda eyni məlumatı təkrar daxil etməsinə ehtiyac minimuma endirilməlidir. Bir dəfə daxil edilən məlumatdan hesabat, təhlil və monitorinq məqsədləri üçün avtomatik istifadə imkanları genişləndirildikcə elektron gündəliyin praktik faydası da artacaq.
Ümumilikdə, elektron gündəlikləri təhsildə rəqəmsal transformasiyanın mühüm alətlərindən biri hesab etmək olar. Onun əsas potensialı məlumatların elektron saxlanmasından daha genişdir: müəllimin vaxtına qənaət etmək, valideyni prosesə daha yaxından cəlb etmək, məktəbin məlumat əsaslı idarəetməsini gücləndirmək və nəticədə şagirdin inkişafını daha yaxından izləmək”.




