Elm və təhsil naziri müəllimləri peşə bayramı münasibətilə təbrik edib
Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, nazir öz sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz müəllimlər,
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir. Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır.
Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”, - deyə E.Əmrullayev qeyd edib.




