Elmi dərəcə alanların sayı ilə müəllim çatışmazlığını əlaqələndirmək doğru olmaz – AAK
“Elmi dərəcə əldə edən şəxsin sonrakı karyera seçimi də ayrıca məsələdir. Elmi dərəcə alan şəxslərin bir qismi akademik fəaliyyətini davam etdirə, bir hissəsi isə digər sahələrdə fəaliyyətə üstünlük verə bilər. Buna görə də hesab edirəm ki, elmi dərəcə alanların sayı ilə ali təhsil müəssisələrində müəllim çatışmazlığını birbaşa əlaqələndirmək doğru olmaz”.
Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin müavini, baş elmi katibi Firuzə Mayılova deyib.
Onun sözlərinə görə, “elmə gələnlərin sayı azalıb” fikrini müdafiə prosesinin mürəkkəbliyi ilə birbaşa əlaqələndirmək üçün daha geniş və müqayisəli statistikaya ehtiyac var. Çünki elmə gələnlərin sayına təsir edən çoxsaylı amillər mövcuddur və bu məsələni yalnız müdafiə proseduru ilə izah etmək düzgün olmaz:
“Komissiyanın mövqeyinə gəldikdə isə, hesab edirik ki, elmi dərəcənin verilməsi ilə bağlı mövcud prosedur mürəkkəb deyil, elmi dərəcənin səviyyəsinə tələblərə uyğun formalaşdırılmış prosedurdur. Doktorantura ali təhsilin ən yüksək səviyyəsidir və burada əsas məqsəd yalnız dissertasiyanın müdafiə olunması deyil, müvafiq elmi nəticələrin, tədqiqatçının elmi hazırlığının və işin elmi səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsidir”.
AAK rəsmisi qeyd edib ki, komissiya bu prosesdə kadr hazırlamır, elmi və ali təhsil müəssisələrində hazırlanmış elmi və elmi-pedaqoji kadrların təqdim etdiyi nəticələri qiymətləndirir. Bu baxımdan elmə gələn gənclərin sayına və onların elmi fəaliyyətə istiqamətləndirilməsinə təsir edən məsələlər daha geniş kontekstdə -ali təhsilin bütün səviyyələrində elmi hazırlığın keyfiyyəti, elmi fəaliyyət üçün yaradılan imkanlar, akademik mühit və əmək bazarının tələbləri ilə birlikdə qiymətləndirilməlidir. Lakin burada keyfiyyət göstəricilərini kəmiyyət göstəricilərinə qurban verməmək ən vacib məqamlardan biridir:
“Digər tərəfdən, AAK-a təqdim olunan dissertasiyaların nəticələri də göstərir ki, prosedur bütün hallarda “müdafiəyə maneə yaradan” mexanizm kimi xarakterizə edilə bilməz. 2026-cı ilin ilk yarısında fəlsəfə doktoru proqramı üzrə 295 şəxsə elmi dərəcə verilib. Bu da onu göstərir ki, müəyyən edilmiş elmi və akademik tələblərə cavab verən işlər üzrə proses müvafiq qaydada yekunlaşdırılır. Təbii ki, bizim məqsədimiz proseduru mürəkkəbləşdirmək deyil. Hazırda da mövcud tələblərin daha səmərəli, çevik, şəffaf və dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində iş aparılır və görülən işlər həmin tələblərin daha aydın və obyektiv mexanizmlərlə həyata keçirilməsini nəzərdə tutur”.




