Elmlər doktoru üzrə qəbul planı azaldılacaq

21 Oktyabr, 2024 - 15:17

“2024-2025-ci tədris ili üzrə magistratura səviyyəsində qəbul planı 16,568 nəfər olub. Faktiki qəbul olunanların sayı isə 14,000 nəfərə yaxındır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil Siyasəti Şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, 47 faiz magistrant, yəni 6,976 nəfər dövlət sifarişli yerlərə qəbul olub. Digər sosial həssas kateqoriyalardan olanları da bu göstəriciyə əlavə etdikdə, demək olar ki, magistratura səviyyəsi üzrə də hər iki tələbədən biri dövlət hesabına təhsil alır. Son dörd ildə qəbul planı 50 faiz artıb.

Turxan Süleyman cari ildə doktorantura (fəlsəfə doktoru) səviyyəsi üzrə 659 qəbul planının təqdim edildiyini və faktiki qəbul olanların sayının 480 nəfər olduğunu bildirib:

“Bu il doktorantura (elmlər doktoru) səviyyəsi üzrə faktiki qəbul olanların sayı 31 nəfər olub. Elmlər doktoru səviyyəsi üzrə davamlı olaraq qəbul planı aşağı salınır. Heç kimə sirr deyil ki, “Ali təhsil haqqında” qanun layihəsində də artıq doktorantura səviyyəsi yalnız bir istiqamət – fəlsəfə doktoru qlobal çağırışlara cavab verən hesab edilir. Ona görə də bu azalma növbəti illərdə də davam edəcək”.