Emin Əmrullayev: Bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırmaya cəlb olunublar
2022–2026-cı illər üzrə təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu islahat təhsil sisteminə uzunmüddətli dövrdə öz töhfəsini verəcək:
“Beləliklə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi, tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üzrə isə birinci mərhələ başa çatıb. Demək olar ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar”.




