Emin Əmrullayev: Doktoranturada ciddi islahatlara ehtiyac var

22 İyun, 2026 - 20:53
Emin Əmrullayev: Doktoranturada ciddi islahatlara ehtiyac var

“Doktorantura təhsilində ciddi islahatlara ehtiyac var”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, elmin inkişafı üçün bir neçə şərt var: 

“Maliyyə, insan kapitalı və vacib məsələlərdən biri də sual məsələsidir. Elm hansı suala cavab axtarır? Elm ehtiyac və tələbat üzərindən formalaşır. Elmdə “tədqiqat sualları” deyilən anlayış var. Biz buna bəzi hallarda mövzu deyirik. Halbuki mövzu daha geniş anlayışdır. Əsas məsələ hansı suala cavab axtardığını müəyyənləşdirməkdir.

Yaxşı xəbər ondan ibarətdir ki, ali təhsil müəssisələrinin inkişafında müşahidə etdiyimiz əsas məqamlardan biri elmi işlərin sayının artmasıdır. Azərbaycanlı alimlər və tədqiqatçılar daha çox məqalə yazırlar və əvvəlki illərlə müqayisədə bu məqalələrin keyfiyyəti də daha yüksəkdir. Çünki dövlət tərəfindən müəyyən stimullar yaradılıb, elmmetrik bazalara çıxış təmin edilib. Azərbaycanda elmi məqalələrinin keyfiyyətinə görə seçilən alimlərə əlavə ödəniş edilir. Təxminən beş yüzə yaxın alim ayda min manata qədər əlavə ödəniş alır və biz bunun təsirlərini artıq görməyə başlamışıq. Beynəlxalq əməkdaşlığımız da artır. Xüsusən Azərbaycan-Türkiyə əməkdaşlığını vurğulaya bilərəm.

Elm və Təhsil Nazirliyinin elmi institutlarının nazirliyin tabeliyinə verilməsi, bu institutlarla ali təhsil müəssisələrinin inteqrativ fəaliyyətinin təmin olunması bizə həm universitet reytinqlərində irəliləməyə, həm də ümumilikdə elm ilə universitet arasındakı məsafəni qısaltmağa kömək edib. Tənzimləmə baxımından Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu gün elmi qurumlarla daha yaxından işləyir. Biz rasionallaşdırma aparmaqla keyfiyyət dəyişikliklərinə nail olmuşuq. 

Boşluqlara gəldikdə isə, təbii ki, doktorantura təhsili sahəsində ciddi islahatlara ehtiyac var. Burada həm məzmun, həm forma, həm də istedadlı insanların elm və tədqiqat fəaliyyətinə cəlb olunması istiqamətində addımlar atmalıyıq.

Xaricdə təhsil proqramı icra olunur. Bakalavr və magistratura səviyyələri üzrə kifayət qədər müraciət var. Lakin doktorantura üzrə ayrılmış səksən yerə on nəfər belə sənəd vermir. Ölkənin ali təhsili və elmi tədqiqatları üçün doktorantura xüsusi əhəmiyyət daşıyır. Elmin maliyyələşdirilməsi və sənaye ilə əlaqələrinin qurulması sahəsində müəyyən təşəbbüslər var və hesab edirik ki, qarşıdakı illərdə bunun nəticələrini görəcəyik”, - E.Əmrullayev qeyd edib.