Emin Əmrullayev: Köçkün məktəbləri bağlanmır, sadəcə başqa yerdə açılır
“Böyük Qayıdış prosesində hər bir kənddə açılan məktəb bizim üçün böyük bir bayramdır. Amma bunun texniki baxımdan problemli tərəfi nədir? Görünən budur ki, çox qısa illər ərzində Böyük Qayıdış prosesi demək olar ki, tamamlanacaq. Bu, daim davam edən proses deyil. Bu proses başlayıb, sürətlənir və bir az da sürətlənəcək. Problem isə burada yaranır ki, ölkədə iki eyni adda “Ağdam 1 nömrəli məktəb” ola bilməz. Yəni Ağdam 1 nömrəli məktəb açılırsa, təbii ki, məcburi köçkün məktəbi bağlanmalıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında millət vəkillərinin suallarını və təkliflərini cavablandırarkən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, bu proses tədricən həyata keçirilir: “Yəni hər il say bir az azaldılır. Anlayırıq ki, bu, ağır məsələdir, müəyyən qərarlar insanların həyatına təsir edir, amma imkanlar çərçivəsində nə mümkündürsə, onu edirik. Məsələnin digər tərəfi odur ki, bu məktəblər bağlanmır, sadəcə başqa yerdə açılır. Ola bilər ki, kimsə geri dönmək istəmir və yaxud da həmin məktəbdə işləməyə davam edir. Belə hallarda problemlər yarana bilir, yenə də ümumi nəticə budur ki, iş yerlərinin sayı bu halda artır, azalmır, yəni bölgələrə baxsaq, artım müşahidə olunur”.



