Emin Əmrullayev: Məktəb direktoru olmaq üçün təcrübə çox vacibdir 

11 Sentyabr, 2026 - 13:17
Emin Əmrullayev: Məktəb direktoru olmaq üçün təcrübə çox vacibdir 

“Məktəb direktorlarımız bu işə əsasən arzu ilə gəlirlər. Yəni insan arzu edir ki, məktəb direktoru olsun. Amma məktəb direktoru olmaq üçün təcrübə çox vacibdir”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib. 
Onun sözlərinə görə, təcrübə yalnız illərin sayı deyil:
“Siz 15 il müəllim işləyəndə 16-cı il mütləq yaxşı məktəb direktoru olacaqsınız deyə bir şey yoxdur. Bu asılılıq belə işləmir. Burada çox vacib məsələ təyinetmə prosesini müəllimdən metodistə, metodistdən direktor müavininə, direktor müavinindən isə direktora doğru tamamlamağımızdır"

Nazir qeyd edib ki, bu, çox vacib piramidadır:

"Elə müəllimlər olacaq ki, onlardan metodist yetişdirə biləcəyik, elə yaxşı müəllimlər də olacaq ki, onlardan metodist yetişdirə bilməyəcəyik. Bu, normaldır, dünyanın axırı deyil.  Biz metodist yetişdirmək istəyiriksə, bunun üçün düzgün seçim və inkişaf mexanizmi olmalıdır. Artıq bu prosesə başlamışıq. Səhv etmirəmsə, bu rəqəm hələ ki, bizdə 500 civarındadır. Amma 500 çox azdır. Bizə, məsələn, minlərlə metodist lazımdır. Yaxşı təhsil sistemi üçün hər fəndən bir neçə yüz metodistə ehtiyacımız var. Hamısını bir yerə yığanda, sözün əsl mənasında, böyük bir rəqəmdən söhbət gedir. Bizim 110 min müəllimimiz varsa, 110 min müəllimə 10 müəllimə bir metodist götürsək, hansı rəqəm alınır? 20 müəllimə bir metodist götürəndə belə 5-6 min yaxşı metodistimiz olmalıdır ki, prosesi düzgün qura, dərsləri düzgün dinləyə bilək”.