Emin Əmrullayev: PISA bizim üçün güzgüdür

11 Sentyabr, 2026 - 13:43
Emin Əmrullayev: PISA bizim üçün güzgüdür

“PISA yarış deyil ki, orada gümüş və ya qızıl medal qazanaq”.

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, biz PISA-da nəticələrimizi görürük:
“PISA bizim üçün güzgüdür. İnsan güzgüyə baxanda özünü təbrik etmir. Sadəcə çalışır ki, özünü daha yaxşı görsün və tanısın. PISA-ya da güzgü kimi baxmaq lazımdır.  Bu, hər 4 ildən bir bizə tərəf çevrilən bir güzgüdür və biz həmin güzgüdə, prinsip etibarilə, özümüzü görürük. Orada özümüzü görəndə bunu bəyənirik, bəyənmirik, günahkar axtarırıq, bu, ayrı məsələdir. Amma bizim kifayət qədər vaxtımız var ki, növbəti PISA-da və ondan sonrakı PISA-da nəticələrimizi yaxşılaşdıraq. Məncə, hazırda gördüyümüz işlərin nəticələrini daha çox 2029-2033-cü illərdə görəcəyik”.

Nazir hesab edir ki, hər bir təhsil işçisinin öz məsuliyyətini başa düşməsi lazımdır. Müəllimdən başlayaraq yuxarıya doğru hər kəs öz məsuliyyətini anlamalıdır:
“Müəllimimiz aşağıda oturub PISA haqqında düşünəndə başa düşməlidir ki, 2029-cu ildə PISA keçirilərkən onun sinfi də qiymətləndirilə bilər və o, nəticəni aşağı salacaq, yoxsa yuxarı qaldıracaq. İdeal sistem belədir, aşağıdan yuxarıya qədər hər kəs bu barədə düşünür. Amma söhbət təkcə PISA-dan getmir. Söhbət ümumiyyətlə uşaqların rifahından, gələcəyindən gedir. Məktəb direktorlarından çox şey asılıdır. Sizin davranışınızdan, idarəetmə bacarığınızdan, məktəbdaxili mühiti düzgün təşkil etməyinizdən çox şey asılıdır. Biz buna yalnız dəstək ola bilərik".