Emin Əmrullayev: PISA nəticələri yeni islahatları müəyyənləşdirmək baxımından vacibdir

8 Sentyabr, 2026 - 11:50
Emin Əmrullayev: PISA nəticələri yeni islahatları müəyyənləşdirmək baxımından vacibdir

"PISA nəticələri təhsil siyasətinin formalaşdırılması və islahatların nəticələrinin qiymətləndirilməsi baxımından mühüm göstəricidir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı bildirib. 

Nazirin sözlərinə görə, PISA şagirdlərin bilik və bacarıqlarını tətbiq etmək imkanlarını obyektiv şəkildə ölçən beynəlxalq qiymətləndirmə vasitəsidir:

"PISA elə bir şkala, ölçüdür ki, burada qiymətləndirmə kiminsə rəyi, subyektiv fikrinə yol vermədən, rəqəmlər üzərində və təhlil olunmuş faktlar əsasında aparılır". 


E.Əmrullayev bildirib ki, bu nəticələr yalnız statistik göstərici kimi deyil, həm də təhsil siyasətinin təhlili baxımından əhəmiyyətlidir:

"PISA nəticələri dərin təhlil aparmaq, təhsil siyasətini araşdırmaq, yeni islahatları müəyyənləşdirmək, əvvəlki islahatların necə işləməsi ilə bağlı nəticəyə gəlmək baxımından vacibdir. Təhsil siyasəti yalnız rəqəmlərə və statistik göstəricilərə əsaslanmamalı, eyni zamanda müəyyən prinsiplər və qaydalar üzərində qurulmalıdır".