Emin Əmrullayev: Qızların təhsilinə dəstək ən yaxşı investisiyadır
"Anaların təhsilli olması təhsil sisteminin keyfiyyətinin, ümumən, təhsilli cəmiyyətin inkişafına təsir göstərən hərəkətverici amillərdən biridir. Qızlarımızın təhsilli olması gələcəkdə daha da inkişaf etmiş bir cəmiyyətin formalaşması nöqteyi-nəzərindən çox zəruridir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib.
O bildirib ki, qadınların təhsilli olması təkcə onların özlərinə yox, bütövlükdə, ölkənin təhsil sisteminə müsbət təsir göstərən bir amildir.
Nazir həmçinin “Gənc qızların təhsilinə dəstək” layihəsində maliyyə dəstəyi göstərən özəl sektor təmsilçilərinə və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya təşəkkür edib.
O əlavə edib ki, miqdarından asılı olmayaraq, bu layihəyə maliyyə dəstəyinin mahiyyəti dəyərlidir.
"Əminəm ki, gənc qızların təhsilinə dəstək gələcəkdə biznes qurumları üçün ən yaxşı investisiya rolunu oynayacaq. Bu gün auditoriyalarda tələbə kimi əyləşən gənc xanımlar bir neçə il sonra müxtəlif sahələrdə ən aparıcı mütəxəssislərə çevriləcəklər" — Emin Əmrullayev deyib.


