Emin Əmrullayev: Repetitorluğu qadağan etmək mümkün deyil
"Təmayülləşmə müəyyən mənada bir cəhddir ki, valideynə mesaj verək: dövlət məktəbində heç bir əlavə ödəniş etmədən övladınızı ən yaxşı ali təhsil müəssisəsinə hazırlaya bilərsiniz. Bu, cəmiyyətin sifarişi və tələbidir. Cəmiyyətin tələbinə xidmət etmək üçün bu yolla gedirik".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
O bildirib ki, hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür: "Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil. Nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır. Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram".
Nazirin sözlərinə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir: "Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır".
Emin Əmrullayev qeyd edib ki, dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur: "İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir".




