Ən böyük nailiyyətim təltiflərim deyil, yetişdirdiyim şagirdlərdir - Naftalan məktəbinin müəllimi
Bəzən bir müəllimin ömrünü ən dəqiq ifadə edən söz elə onun tədris etdiyi fəndir. Riyaziyyat kimi dəqiq, prinsipial və nəticəyönlü…
“Azərbaycan müəllimi”nin budəfəki qəhrəmanı həyatını riyaziyyatın prinsipləri ilə quran Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimdir.
“Şagirdlərə həyatın bir riyazi qayda üzərində qurulduğunu anlatmaq lazımdır”
1985-ci ildən pedaqoji fəaliyyətə başlayan Təranə Hümbətova ilk iş gününü bu gün də həyəcanla xatırlayır: “Çox həyəcanlı idim. Öz doğma məktəbimi şagird kimi tərk edib, müəllim kimi qayıtmaq tamam başqa hiss idi. O günü heç vaxt unutmuram”.
Həmin gün sadəcə işə başlama tarixi deyildi. Bu, bir missiyanın başlanğıcı idi. O gündən bu günə qədər minlərlə şagirdin həyatına toxunan müəllim üçün məktəb yalnız dərs keçilən mühit deyil, şəxsiyyətin formalaşdırıldığı məkandır.
Təranə müəllim hesab edir ki, zaman dəyişdikcə şagird də dəyişir: “Fikrimcə, o dövr bu günə nisbətən daha asan idi. İndi şagirdlər daha fərqlidir. Onlar kimi düşünmək, onların yerində özünü hiss etmək lazımdır”.
Onun sözlərinə görə, müasir təhsilin üstünlüyü şagirdə daha geniş meydan verməsidir. Lakin bu azadlıq idarəetmədən çıxmamalıdır. Riyaziyyata xas məntiqlə yanaşaraq əlavə edir: “Məsələnin həll yolu çox ola bilər, amma cavab eyni alınmalıdır”.
Riyaziyyat bir çox şagirdlər üçün çətin görünə bilər. Amma Təranə Hümbətova bu stereotipi qırmağı bacaran müəllimlərdəndir.
O, dərslərində rollu oyunlardan, rubriklərdən istifadə edir, riyazi qaydaların həyatın özündə necə təzahür etdiyini göstərir:
“Şagirdlərə həyatın bir riyazi qayda üzərində qurulduğunu anlatmaq lazımdır”. Onun üçün əsas məqsəd düsturları əzbərlətmək deyil, məntiqi düşünməyi öyrətməkdir.
Texnologiyanın tədris prosesinə təsirinə müsbət yanaşan müəllim hesab edir ki, inkişafdan geri qalmaq mümkün deyil. Rəqəmsal vasitələr dərsi daha əlçatan və maraqlı edir. Lakin o, insan faktorunun – müəllim-şagird münasibətinin hər zaman əsas olduğunu vurğulayır.
Ən böyük uğuru şagirdlərin nailiyyətidir
2022-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması onun həyatında xüsusi yer tutur:
“Hər bir insan əməyinin qarşılığını görəndə sevinir. Dövlətin onun əməyini dəyərləndirdiyini gördükdə daha həvəslə çalışır. Amma mükafat almasam belə, xalqımın gələcəyi olan balalarımıza elmin sirlərini öyrətməyə həmişə hazıram”.
Təranə müəllim üçün ən böyük nailiyyət diplom və təltiflər deyil: “Ən böyük uğurum yetişdirdiyim şagirdlər və şərəflə daşıdığım müəllim adıdır”.
“Özünə hörmət edən hər bir müəllimə cəmiyyət də hörmət edir”
O hesab edir ki, müəllim, ilk növbədə, şəxsiyyət olmalıdır. Savadlı, geniş dünyagörüşlü, şagird psixologiyasını bilən, ədalətli və səmimi: “Özünə hörmət edən hər bir müəllimə cəmiyyət də hörmət edir”.
65 illik həyat təcrübəsi, 40 ilə yaxın pedaqoji fəaliyyət ona bir həqiqəti öyrədib: müəllim daim öz üzərində işləməlidir. O, gənc həmkarlarına şagirdlərinə şəxsi nümunə olmağı tövsiyə edir.
Söhbətimizin sonunda Təranə Hümbətovanın səsində xüsusi bir qürur hiss olunur: “Mən xoşbəxt ana, xoşbəxt müəlliməm ki, 44 günlük Zəfəri yaşayan Azərbaycanda yaşayıram”.



