İctimai Şura Qubada müəllim və şagirdlərlə görüşüb
Oktyabrın 25-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Quba rayonu Alekseyevka kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, şuranın katibi, xarici dil üzrə ekspert Günay Əkbərova və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov iştirak ediblər.
Görüşdə professor Hikmət Əlizadə ənənəvi təlimlə fəal interaktiv təlim modelləri arasındakı fərqlərdən danışaraq müasir təhsil prosesində şagirdyönümlü yanaşmanın və müəllimin fasilitator rolunun əhəmiyyətini vurğulayıb.
Deputat Ceyhun Məmmədov çıxışı zamanı milli-mənəvi dəyərlərin tədris prosesində qorunmasının vacibliyinə toxunub, məktəblərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. O həmçinin dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və yeni islahatların gənc nəslin inkişafına yönəldiyini bildirib.
İctimai Şuranın katibi Günay Əkbərova isə müəllimlərin peşəkar inkişafı, innovativ tədris metodlarının tətbiqi və inklüziv təhsilin təşviqi mövzusunda çıxış edib. O, müəllimlərin davamlı öyrənmə mədəniyyətinin gücləndirilməsinin, eləcə də sosial məsuliyyət və vətəndaş iştirakçılığı istiqamətində fəaliyyətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş interaktiv müzakirələrlə davam edib. Müəllimlər və şagirdlər qonaqlara suallar ünvanlayaraq təhsil sistemində aparılan yeniliklər, imtahan islahatları və peşə yönümü məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonda məktəb rəhbərliyi və iştirakçılar belə tədbirlərin bölgələrdə mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinə və deputat Ceyhun Məmmədova təşəkkürlərini bildiriblər.
 

 
                         
                         
                         
                         
                        

 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            