Ev heyvanı uşağın inkişafına necə təsir edir? – Psixoloq tövsiyəsi

10 İyul, 2026 - 10:33
Ev heyvanı uşağın inkişafına necə təsir edir? – Psixoloq tövsiyəsi

Uşaqların ev heyvanlarına marağı olsa da, onları evdə saxlamaq qərarı yalnız uşağın istəyi ilə verilməməlidir. Mütəxəssislər bildirirlər ki, valideynlər heyvanın saxlanılması üçün tələb olunan məsuliyyəti, uşağın yaşını və psixoloji hazırlığını diqqətlə qiymətləndirməlidirlər.

Heyvan saxlama uşaqların psixoloji inkişafına necə təsir edir və valideynlər hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Nuriyyə Quliyeva qeyd edib ki, bəzən valideynlər uşaqlarının evdə hər hansı heyvan bəsləmələrinə icazə vermirlər:

“Hətta çöldə belə hansısa heyvanla rastlaşanda qətiyyən icazə vermirlər ki, onlara toxunsunlar, su və yemək versinlər. Düzdür, əvvəllər valideynlər bu mövzuda daha sərt qaydalar qoyurdular. Amma indi bir çox valideynlər özləri də uşaqlarla birlikdə küçədəki heyvanlara nəvaziş göstərirlər, toxunmasalar belə onları qidalandırır, su qoyur və yuvalar düzəldirlər. Buradan demək istəyirəm ki, gigiyenik qaydalara riayət etməklə heyvanlara sahiblənə və ya çöldə görəndə onları qidalandıra bilərsiniz. Bunun uşaqların emosional vəziyyətinə, inkişafına çox müsbət təsirləri var. Uşaqlar bununla çox vacib həyati bacarıqlar qazanır, sevgi, qayğı göstərməyi öyrənirlər. Beləcə, uşaqlar dostluq, sosial bacarıqlarını gücləndirmiş olurlar. Həmçinin uşaqda empatiya bacarıqları formalaşır. Uşaq bu zaman əyani olaraq görür ki, heyvanlar da insanlar kimi narahatlıq, qorxu, həyəcan keçirir. Düşünürəm ki, ev heyvanı saxlayan böyük və uşaqların güclü empatiya duyğuları var. Bir çox uşaqların valideynləri bizə müraciət edərək deyirlər ki, övladları ev heyvanına sahibləndikdən sonra bütün gərginliyi gedib. Onlar heyvanlarla vaxt keçirən zaman tək olmadıqlarını, onları sevən canlının olduğunu hiss etdiklərini deyirlər. Valideyn dəqiqləşdirməlidir ki, bu keçici bir həvəsdir, yoxsa uşaq həqiqətən bunu istəyir. O heyvanlar da canlıdır, onların da hissləri var. Əgər onların sahibləri dəyişərsə, onlar da bunu ağrılı yaşayırlar”.

N.Quliyevanın sözlərinə görə, həm uşağın, həm də heyvanın sağlamlığı üçün gigiyena qaydalarına əməl edilməlidir:

“Həmçinin bu uşaqlarda məsuliyyət hissi də formalaşdırır. Heyvanların qayğısına qalmaq, vaxtında həkimə aparmaq kimi məsuliyyətləri uşaq öz üzərinə götürür. Bu zaman baxırsınız ki, artıq onda digər bacarıqlar da formalaşmış olur. Valideynlər diqqət etməlidirlər ki, evə bir canlı gətirərkən onunla bağlı bütün məlumatlar uşağa verilməlidir. Uşaq da  heyvan haqqında məlumatlanmalı, öz öhdəliklərini bilməlidirlər”.