"Əvvəlki təmayülləşmə modeli gözlənilən nəticəni vermədi” -Vəfa Yaqublu

13 İyul, 2026 - 14:02
"Əvvəlki təmayülləşmə modeli gözlənilən nəticəni vermədi”

“Tam orta təhsil səviyyəsində təmayülləşmənin əsası 15 il əvvəl qoyulub. Vaxtilə X–XI siniflərdə şagirdlərin maraq və gələcək ixtisas seçimlərinə uyğun olaraq humanitar, texniki, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə təmayülləşməsinin tətbiqi böyük ümidlər yaratmışdı.Əfsuslar olsun ki, model gözlənilən nəticəni vermədi”.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu söyləyib.

Qeyd edib ki, bunun bir səbəbi əvvəlki siniflərdə yaranmış bilik boşluqlarının nəzərə alınmaması idi: “Məsələn, şagird riyaziyyat-iqtisadiyyat üzrə təmayül sinifini seçir, lakin onun riyaziyyat, coğrafiya, tarix və s. üzrə aşağı siniflərdən qalmış bilik boşluqları nəzərə alınmır və o, X sinfin proqramını öyrənməyə davam edir.Öyrənmə isə səmərəli olmur, çünki şagird əvvəlki materialları ya mənimsəməyib, ya da unudub. Təmayül siniflərində  dərs saatlarının artırılması da problemi həll etmirdi”.

Vəfa Yaqublunun sözlərinə görə, ikinci səbəb isə təmayül siniflərində dərs deyən müəllimlərin xüsusi seçiminin aparılmaması idi: “O zaman bu barədə müfəssəl məlumat da yox idi. Hazırda sertifikatlaşdırma müəllimləri bilik, bacarıq və təcrübə baxımından təsnifləndirməyə imkan verir.İki ildir ki, pilot layihə olaraq həyata keçirilən yeni təmayül tədris modelində bunlar nəzərə alınıb. “Yeni” sözünün altında isə təmayülləşməyə bu iki düzəliş nəzərdə tutulur: X və XI siniflərdə proqramın əvvəldən axıradək intensiv rejimdə yenidən öyrədilməsi və yüksək öyrətmə bacarığı ilə fərqlənən müəllimlərin tədrisə cəlb edilməsi”.