Fariz İsmayılzadə: Özəl məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı dinləmələr keçirilməlidir
Milli Məclisin Elm və təhsil komitəsinin 11 sentyabr 2025-ci il tarixli iclasında özəl təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatının tədrisi məsələsi də gündəmə gətirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, çıxışı zamanı Fariz İsmayılzadə bəzi özəl məktəblərdə milli fənlərin tədrisinin yetərli səviyyədə aparılmadığını bildirib. Onun sözlərinə görə, həmin məktəblərin məzunları çox vaxt Azərbaycan vətəndaşına layiq bacarıqlara tam sahib olmur, ədəbiyyat nümunələrini tanımaqda çətinlik çəkirlər və buraxılış imtahanlarında da zəif nəticə göstərirlər.
Fariz İsmayılzadə vurğulayıb ki, bu məsələnin aktuallığı nəzərə alınaraq, özəl məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı ictimai dinləmələrin təşkili vacibdir. O, həmçinin bu istiqamətdə zəruri dəyişikliklərin edilməsinin mümkünlüyünü də diqqətə çatdırıb.



